Bir müddət bundan öncə, Jacob&Co., saat manufakturasının buraxdığı Bugatti Chiron Tourbillion qol saat barədə məlumat vermişdik. 280 min dollar qiyməti olan saat Bugatti hiperkarının W16 mühərrikinin işini təqlid edirdi. 578 hissədən ibarət olan əllə yığılan LCAM37 kalibri yaylar üzərində quraşdırılmışdı.
Bu günlərdə manufaktura Grand Complication Masterpieces kolleksiyasından olan daha bir sənət əsərini nümayiş etdirib. Bugatti Chiron Super Sport 300+ hiperkarına həsr edilmiş və daha mürəkkəb mexanizmə sahib olan yeni qol saatı Jacob&Co.Twin Turbo Furious Bugatti 300+ adlanır. Xatırladaq ki, fransız markasının rəsmi pilotu olan Əndi Volles bu hiperkarın sükanı arxasında 300 mil/saat həddini aşmışdı.
Çox bahalı və dəbdəbəli saat iki variantda təklif olunur: qara titan və karbondan, habelə 18-karatlıq çəhrayı qızıl və karbondan hazırlanmış koprus ilə. Saatın korduradan hazırlanmış qolbağı titan toqqa ilə bağlanır. 580 min dollar qiyməti olan saat 18 nüsxəlik tirajla buraxılacaqdır. Xatırladaq ki, Bugatti Chiron Super Sport 300+ modelinin tirajı 30 nüsxədən ibarətdir.