Bugatti şirkəti tələbkar müştərilərin xüsusi sifarişi ilə Sur Mesure fərdiləşdirmə bölməsi tərəfindən inşa olunan məhdud saylı yeni W16 Mistral rodsterlərinin təqdimatını davam etdirir. Bu ilin fevral ayında fransızlar işıqlanan dalğalardan ilhamlanan Mistral La Perle Rare modelini təqdim edib. Mart ayında isə, onlar "çiçəkli" Mistral Caroline modelini nümayiş etdiriblər. İndi isə, fransız istehsalçısı iynəcələrdən ilhamlanan, lakin ya milçək, ya da uçan böcəyin adını daşıyan Bugatti W16 Mistral Fly Bug rodsterini təqdim ediblər.
Hiperkarın qeyri-adi tərtibatı və adı müştəri tərəfindən seçilib. Müştərinin adı rəsmi olaraq açıqlanmayıb, lakin Bugatti kolleksiyaçıları arasında brendin özünəməxsus dizaynı olan hiperkarlarına sevgisi ilə tanınan yalnız bir nəfər var: bu yəhudi əsilli amerikalı iş adamı və Tillys geyim şəbəkəsinin sahibi Hezi Şakeddir. Onun kolleksiyasına artıq “həşərat mövzulu” tərtibata malik olan Bugatti Veyron Grand Sport Vitesse Hellbug, Bugatti Chiron Hellbee və Bugatti Divo Lady Bug hiperkarları daxildir. İndi isə, böyük ehtimalla, onlara eksklüziv tərtibatlı W16 Mistral rodsteri qoşulacaq.
Texniki cəhətdən yeni model digər Mistral hiperkarlarından fərqlənmir. O, 7-pilləli iki muftalı robotlaşdırılmış transmissiya ilə btandemdə çalışan və 1600 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki ilə təchiz olunmuş eyni tamötürməli rodsterdir. Bütün dəyişikliklər sırf dizaynla bağlıdır: avtomobil çalar dəyişdirən unikal göy Dragonfly Blue rəngində qradiyentli livreyanı əldə edib. Bu rəng xüsusi olaraq Fly Bug üçün yaradılıb və yaradıcılarının fikrincə, iynəcələrin qarnının metal parıltısını və sürətlə titrəyən şəffaf qanadlarını xatırlatmalıdır.
Eksklüziv rəng sxemini çoxsaylı qara vurğular tamamlayır. Bunlara kuzov dəstinin və arxa tərəfin tam rənglənmiş elementlər, eləcə də uçan həşəratların rəngini xatırladan yan və ön hissədəki oval naxışlar daxildir. Tərtibatçılar bu naxışlara brendin avtomobilləri üçün qeyri-adi bir yerdə - yan hava girişlərinin arxasında yerləşən yeni monoxrom Bugatti Macaron emblemlərinə uyğunlaşdırdıqlarını xüsusilə vurğulayıblar. Firma Mistral təkər diskləri də ümumi rəng sxeminə inteqrasiya olunublar.
Fly Bug hiperkarının interyeri də eyni mavi və qara rəng palitrasında hazırlanıb. Parlaq vurğular ön panelin oval elementlərində, sükan, mərkəzi konsol, dirsəkaltı, idman oturacaqları və qapı panellərində də mövcuddur. Sonuncular əlavə olaraq, alkantara təbəqəsinin üzərinə perforasiya edilmiş dəri çəkilməsi ilə yaradılan üçölçülü qara ellipslərlə bəzədilib. Tərtibatçılar həmçinin firma rəqs edən fil fiqurunu da unutmayıblar - o, ənənəvi olaraq transmissiyanın selektorunun korpusunda yerləşdirilib.
Bugatti bu yeni, unikal hiperkarın qiymətini açıqlamır. Çox güman ki, qiymət standart versiya üçün tələb edilən 5 milyon avrodan çox olacaq. Xatırladaq ki, rodsterin ən azı 99 nüsxəsinin istehsalı planlaşdırılır, buna görə də, gələcəkdə daha çox belə eksklüziv versiyaların inşa ediləcəyi gözlənilir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.









