Müdrik atalarımız boş yerə “od olmayan yerdən tüstü çıxmaz” deməyiblər. Bir müddət bundan öncə şayiə kimi ortaya çıxan xəbər, artıq şayiə olmaqdan çıxıb. Artıq Bugatti Automobiles S.A.S. şirkətinin sahib dəyişdirməsi məsələsi rəsmi təsdiqini tapıb – artıq fransız markası Bugatti-Rimac birgə müəssisəsinin mülküdür.
Görünən odur ki, sonunda Volkswagen AG konserni nəhayət Bugatti şirkətinin timsalında kiçik, lakin ağır yükdən canını qurtarmağa müvəffəq olub. Zəngin tarixə sahib olan fransız markasını bu ilin dördüncü rübündə böyük dəyişikliklər gözləyir. Artıq yuxarıda qeyd etdiyimiz kimi, Bugatti Automobiles S.A.S. yeni yaradılmış Bugatti-Rimac birgə müəssisəsinin tərkib hissəsi olacaqdır.Lakin bu hekayədə bəzi nüanslar var.
Beləliklə, Bugatti şirkətinin sahibi olan Volkswagen AG konserni onu digər törəmə müəssisəsinə - Porsche AG şirkətinin himayəsinə verəcəkdir. Bundan sonra isə, Porsche və Xorvatiyanın Rimac Group şirkəti, alman tərəfinin 45%, xorvat tərəfinin isə 55% pay alacağı Bugatti-Rimac ortaq müəssisəsinin sahibləri olacaqdırlar.
Eyni zamanda, məlum olduğu kimi, Porsche AG Rimac Group şirkətinin səhmlərinin 24 faizinə sahibdir (ilk hissə üç il əvvəl alınıb). Xorvat qrupunun digər ən böyük səhmdarları isə, şirkətin qurucusu Mate Rimats və Hyundai konsernidir. Yəni, faktiki olaraq, indi koreyalılar da Bugatti markası ilə əlaqəli olacaqdırlar.
Volkswagen AG konsernin belə bir "çoxgedişli" əməliyyatdan əldə etdiyi faydaı göz qabağındadır. Qeyd etmək gərəkdir ki, monstrşəkkili W16 benzin mühərrikləri ilə təchiz edilmiş mürəkkəb və bahalı Bugatti hiperkarlarının perspektivləri getdikcə daha çox qeyri-müəyyən olur. Üstəlik, belə avtomobillərin yaradılması və sertifikatlaşdırılması xərcləri yalnız artacaqdır.
Elektrik hiperkarının sıfırdan yaradılması eyni dərəcədə ciddi sərmayə tələb edəcəkdir. Rimac şirkəti isə artıq belə texnologiyalara və hətta kiçik miqyasda buraxılan Rimac Nevera kupesinə malikdir. Rimac şirkətinin əldə etdiyi fayda hiperkarların istehsalındakı nou-hau deyil, Bugatti şirkətinin müştəri bazası və artıq formalaşmış diler şəbəkəsidir.
Yeni yaradılmış Bugatti-Rimac müştərək müəssisəsinin rəhbəri Mate Rimats olacaqdır. Yeri gəlmişkən, Bugatti şirkətinin hazırkı direktoru Stefan Vinkelmannın keçən payızda eyni zamanda Lamborghini markasının rəhbəri təyin olunması əbəs yerə deyildi: görünür ki, bu vəzifə tezliklə onun yeganə vəzifəsi olacaqdır.
Birgə müəssisənin mənzil-qərargahıi Xorvatiyada yerləşəcəkdir. Fransanın Molsaym şəhərində Bugatti fabriki (130 nəfərin çalışdığı) yerində qalsa da, gələcək modellərin yaradılması ilə 2023-cü ildə açılması planlaşdırılan Xorvatiyadakı Rimac Campus Elm və Texnologiya Mərkəzi məşğul olacaqdır. Bu, Bugatti hiperkarlarının elektrik ötürməsinə keçəcəyinə dair daha bir işarədir.
Eyni zamanda hiyləgər Mate Rimats, bütün aktivlərini yeni yaradılan müştərək müəssisəyə verməyib! Rimac Group ana şirkətinin daxilində Rimac Technology bölməsi yaradılıb və elektrik mühərriklərinin, dartma batareyalarının, habelə elektromobillər üçün nəzərdə tutulmuşdigər komponentlərin yaradılması, istehsalı və təchizatı üzrə bütün səlahiyyətlər bu bölməyə verilib. Bölmənin Bugatti ilə birbaşa əlaqəsi yoxdur və ona Mate Rimatsın özü birbaşa rəhbərlik edəcəkdir.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.