Bugatti şirkəti məşhur Veyron modelinin xələfi olan Chiron hiperkarını 2016-cı ildə nümayiş etdirib. Keçən dörd il ərzində Bugatti şirkəti istehsalı planlaşdırılan hiperkarın tən yarısını yığıb. Xatırladaq ki, Chiron modelinin tirajı 500 nüsxədən ibarətdir. Məhz, 250-ci hiperkarı Bugatti şirkəti Cenevrə avtosalonunda nümayiş etdirəcəkdir.
Beləliklə, 250-ci Chiron xüsusi Noire Sportive tərtibatına malik olubdur. Hiperkarın karbondan hazırlanmış kuzovu tutqun qara rəngə boyanıb. Avtomobilin radiator barmaqlığı, təkər diskləri, spoylerləri, buraxılış sisteminin titandan ucluqları və hətta, məşhur C-şəkilli dayağı da qara rəngdədir. Hiperkarın interyeri də tutqun qara rəngindədir: alüminium detallar da daxil olmaqla, bütün detallar xüsusi örtüklə üzləniblər. Xatırladaq ki, Bugatti Chiron Noire Sportive 20 nüsxəlik tirajla buraxılacaqdır.
Avtomobilin texniki hissəsində dəyişiklik baş verməyib. Hiperkar 1500 at qüvvəsi hasil edən dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki ilə təchiz edilir. Avtomobil 100 km/saat həddinə 2,5 saniyəyə sürətlənir, onun maksimal sürəti 420 km/saat təşkil edir.
Yeri gəlmişkən, qalan 250 avtomobildən 150 nüsxəsi artıq öz alıcısını tapıb, 100 hiperkar isə hələlik sahibsizdir. Çox güman ki, xüsusi seriyadan olan hiperkarın Cenevrədə nümayiş etdirilməsi diqqəti başıboş qalmış avtomobillərə yönəltməyin bir üsludur. Bundan sonra, Bugatti şirkəti səs-küyə səbəb olmuş Super Sport 300+ variantının istehsalına start verəcəkdir.