Bugatti şirkəti Chiron hiperkarının sahiblərinə onların avtomobilini maksimal sürət həddinə qədər sürətləndirməyə kömək edəcəkdir. Bu barədə «Car and Driver» nəşrinə fransız markasının rəhbəri Volfqnaq Dürhaymer bildirmişdir. Onun söylədiyinə görə, Chiron hiperkarının ilk nüsxələri sahiblərinə bu ilin payızında çatdırılmalıdır. Adi rejimdə Bugatti Chiron 385 kilometr saata qədər sürətlənir. Top Speed rejimi isə, avtomobili 420 kilometr saat həddinə qədər sürətləndirməyə imkan verir. Bu rejimi aktiv etmək üçün xüsusi açara ehtiyac vardır.
Bu günə qədər Bugatti şirkəti Chiron modelinin maksimal sürətini ölçməmişdir. Fransız şirkəti bunu 2018-ci ildə həyata keçirməyi planlaşdırır. Lakin, markanın müştəriləri öz avtomobillərində maksimal sürət həddinə sürətlənmək arzusunda olarlarsa, bu zaman, Dürhaymerin sözlərinə görə, şirkət onlara bu işdə yardım etməyə hazırdır. Çünki, belə yürüş öncəsi trassa və avtomobil mütəxəssislər tərəfindən yoxlanılmalıdır.
Bu məqsdlər üçün, Bugatti şirkətinin Era-Lessindəki sınaq poliqonunu da sınaq iştirakçılarının öhdəsinə verməcəyi də istisna edilmir. Xatırladırıq ki, Bugatti Chiron hiperkarı 1500 at qüvvəsi və 1600 Nm fırlanma anı olan 8,0-litrlik W16 mühərriki ilə təchiz edilir. Bugatti Chiron yerindən 100 km/saat həddinə kimi 2,5 saniyəyə sürətlənir.Avtomobil 200 km/saat həddinə çatmaq üçün 6,5 saniyə, 300 km/saat həddi üçün isə 13,9 saniyə sərf edir. Avtomobilin maksimal sürəti 420 km/saat həddində məhdudlaşdırılmışdır.
Bugatti şirkəti 500 ədəd Chiron hiperkarını istehsal edəcəyini bəyan etmişdir. Avtomobilin minimal qiyməti 2,4 milyon avro təyin edilmişdir.