Amerika Birləşmiş Ştatlarının yol hərəkətinin təhlükəsizliyinə nəzarət edən Milli İdarəsinin verdiyi xəbərdə, Bugatti şirkətinin 172 ədəd Veyron modelini, üç müxtəlif servis kampaniyası çərçivəsində geri çağırdığı bildirilmişdir. Bu o deməkdir ki, kampaniya bu günə qədər istehsal edilmiş 450 ədəd Bugatti Veyron hiperkarlarının 40 faizini əhatə edəcəkdir. Xatırladaq ki, 10 il müddətində fransız istehsalçısı 300 ədəd kupe və 150 ədəd rodster kuzovlu Veyron modelini istehsal etmişdir.
Birinci kampaniya üç modifikasiyada olan 87 ədəd Veyron modelini əhatə edir. İlk kampaniya 2006-2010 illərdə buraxılan adi kupe modelini, 2010-2012-ci illərdə buraxılmış açıq kuzovlu Grand Sport modelini və 2011-2013-cü illərdə buraxılan 1200 at qüvvəli «bərkgedən» Super Sport modelini əhatə edir. Bu avtomobillərdə domkratın qayağı rolunu oynayan alüminiumdan hazırlanmış dayaqlarda korroziya aşkar edilmişdir. Bugatti şirkətində bu elementlərin hərəkət zamanı kuzovdan qoparaq digər avtomobillərə zərər verməsindən və qəzalara səbəb olacağından çəkinirlər.
İkinci kampaniya isə, 2006-cı ilin 3 oktrabr - 22 dekabr tarixləri arasında istehsal edilmiş avtomobillərə aiddir. Bu avtomobillərdə, dağılma təhlükəsi olan iki kabelin - akumlyatorun müsbət başlığının kabelini və generatora gedən kabeli dəyişmək nəzərdə tutulmuşdur.
Bugatti Veyron Grand Sport
Üçüncü kampaniya isə 72 avtomobili əhatə edir ki, bunlar da 2006-cı ildən 2010-cu ilə qədər istehsal edilmiş Veyron modeli və 2010 - 2011-ci illər arasında istehsal edilən Grand Sport modifikasiyasıdır.
Bu avtomobillərdəki verici sürücünü çəndəki yanaçağın səviyyəsi barədə yanlış məlumatlandıra bilər.
Belə avtomobillərin yanacaq çəninin dəyişdirilməsi və proqram təminatının yenilənməsi nəzərdə tutulur. Bütün təmir işləri pulsuz aparılacaqdır.