Növbəti Bugatti sur Mesure layihəsi Chiron Super Sport hiperkarına əsaslanır və “55 1 of 1” adlanır. Rəqəmlər layihənin ilham mənbəyinə - Jan Buqattinin yeganə nüsxədə buraxılmış Type 55 Super Sport modelinə işarə edir. Hiperkar Ettore Buqatti tərəfindən çox sevilən qara və sarı rəng sxeminə boyanıb. Üstəlik, qarşıda duran vəzifə yalnız Chiron modelini rəng sayəsində Type 55 kimi stilizə etmək deyil, həm də onun görünüşünün bütövlüyünü qorumaq olub.
Ön hissədəki tədricən seyrəkləşən naxışlar Chiron Pur Sport Gran Prix versiyasındən götürülüb. Doğrudur, EB monoqramlarının əvəzinə 55 rəqəmlərindən istifadə olunur və uzaqdan bütün bunlar müharibədən əvvəlki modelin qanadlarına bənzəyir.
Digər xüsusiyyətlər arasında qara rəngli 10 mili olan təkər diskləri, sarı EB nişanı və antiqanadın alt səthindəki “55 1 of 1” yazısı da var. Chiron hiperkarının interyeri sarı vurğuları olan qara dəri ilə üzlənib. Qapılardakı tədricən seyrəkləşən naxışlar əl ilə işləniblər. Kandarlar və xatirə lövhəsini Jan Buqattinin imzası zinətləndirir.
Hiperkar Chiron Super Sport modeli üçün standart olan 1600 at qüvvəsi və 1600 Nm fırlanma anı hasil edən dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki ilə hərəkətə gəlir. Ötürmə nisbətlərinin tənzimləndiyi iki muftalı yeddi pilləli “robot” cəmi 12,1 saniyə ərzində 300 km/saata sürətlənməyə imkan verir. Super Sport modelinin maksimal sürəti 440 km/saatdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.