Bugatti Veyron hiperkarının tarixində yeni hərrac rekordu qeydə alınıb. 2014-cü il istehsalı olan Bugatti Veyron 16.4 Grand Sport Vitesse Jean-Pierre Wimille xüsusi versiyası İsveçrənin Sürix şəhərində keçirilən RM Sotheby’s hərracında 5,44 milyon dollara satılıb. Üç dəqiqədən az davam edən hərracda avtomobilin qiyməti ilkin gözləntiləri xeyli üstələyib.
Sentyabrın 26-da keçirilən hərracda avtomobil 4 milyon 505 min İsveçrə frankına, yəni təxminən 4,91 milyon dollara satılıb. Valyuta məzənnəsi nəzərə alındıqda yekun məbləğ 5,44 milyon dollara çatıb. Hərrac evinin məlumatına görə, bu, indiyədək açıq hərracda satılan ən bahalı Bugatti Veyron modelidir.
Avtomobil üçün əvvəlcədən 2,4–2,8 milyon İsveçrə frankı, yəni təxminən 2,62–3,05 milyon dollar qiymət aralığı müəyyən edilmişdi. Lakin hərrac zamanı təkliflər bu həddi xeyli keçib və yekun qiymət maksimal proqnozdan 61% yüksək olub. Yeni rekord 2024-cü ildə 3,09 milyon dollara satılan unikal Bugatti Veyron Grand Sport Sang Bleu modelinin nəticəsini təxminən 2,35 milyon dollar üstələyib.
Jean-Pierre Wimille xüsusi seriyası Bugatti-nin cəmi üç avtomobildən ibarət olan məhdud saylı tirajla buraxılmış hiperkarlardan biridir. Seriya adını 1937-ci ildə Bugatti markalı avtomobillə “Le-Manın 24 saatı” yarışında qalib gələn fransalı pilot Jan-Pyer Vimildən alıb. Avtomobillərin dizaynında onun yarış karyerasına aid elementlərdən istifadə olunub. Bu unikallıq kolleksiyaçılar üçün modelin dəyərini artıran əsas amillərdəndir.
Hərraca çıxarılan avtomobil 2014-cü ildə zavoddan buraxıldıqdan sonra cəmi 3766 kilometr yol qət edib. Onun texniki təchizatı standart Veyron Grand Sport Vitesse modelində olduğu kimidir. Dörd turbokompressorlu 8,0-litrlik W16 mühərriki 1183 at gücü hasil edir. Bu güc avtomobilə 0-dan 100 km/saata 2,6 saniyəyə sürətlənməyə və 409 km/saat maksimal sürətə çatmağa imkan verir.
Bugatti son dövrlərdə nadir prototiplər və xüsusi layihələrlə kolleksiyaçıların diqqətini cəlb edir. Lakin Veyron modelinin hərracda 5,4 milyon dollardan yüksək qiymətə satılması modelin kolleksiya bazarındakı mövqeyini yeni səviyyəyə qaldırıb.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









