Bugatti Chiron hiperkarlarına sifarişlərin qəbulu 2022-ci ilin əvvəlində dayandırılıb: 500 nedxədən ibarət olan buraxılış tirajı tamamilə alınıb və indi şirkət yalnız qəbul edilmiş sifarişləri yerinə yetirir. Sözün əsl mənasında, onlarla nüsxəni inşa etmək qalıb. Lakin bu 500 hiperkarın arasında Bugatti Sur Mesure bölməsi tərəfindən fərdi layihələr üzrə təkmiləşdirilmiş maraqlı və unikal avtomobillər də var.
Bu günlərdə fransız brendi Bugatti Chiron Super Sport 57 One of One adlı belə bir avtomobilin üzərindəki sirr pərdəsini götürüb. Bu, 1934-cü ilin Bugatti Type 57 SC Atlantic modelinin üslubunda tərtib edilmiş Chiron Super Sport hiperkarıdır.
Adı çəkilən xüsusi versiyanın yaradılmasının maraqlı bir hekayəsi var. Sifarişçinin iyirmi il əvvəl ilk dəfə 1934-cü ilin Bugatti Type 57 SC Atlantic avtomobilini görən 70 yaşlı xanım olduğu ortaya çıxıb.
Qadın ilk baxışdan bu avtomobilə “aşıq olub” və bunda təəccüblü bir şey yoxdur, çünki bu məşhur sportkar müntəzəm olaraq bütün zamanların ən gözəl və zərif avtomobillərinin siyahısına daxil edilib.
Bu yaxınlarda qadının əri onu Bugatti zavodunun yerləşdiyi Fransanın Molsaym şəhərinə səfərə dəvət edib. Orada isə, ona xəyallarının Chiron hiperkarını yaratmağı təklif edib. Əlbəttə ki, layihənin ilham mənbəyi əfsanəvi Atlantic kupesi olub.
Cilalanmış radiator barmaqlığı və mühərrik bölməsinin üstündə böyüdülmüş "onurğa" 1934-cü ilin Bugatti Type 57 SC Atlantic modelinin üslubunda hazırlanıb. Ancaq ən vacib xüsusiyyət, əlbəttə ki, kuzovun açıq mavi rəngidir.
Boyanın orijinala tam uyğun gəlməsi üçün Bugatti nümayəndələri hətta müştərinin heyran olduğu klassik kupenin sərgiləndiyi Bilbaodakı Quggenhaym Muzeyinə də baş çəkiblər. Aerodinamik dayaq standart olaraq qalsa da, qara əlavələri olmayan yeni rəngə boyanmış Chiron maraqlı görünüşü ilə seçilir.
Orijinal təkər diskləri də mavi boya və xrom tərtibata malikdirlər. Antiqanadda 1934-cü il avtomobilinin əl ilə çəkilmiş zərif silueti var. Görünüşü isə, “57” və “One of One” nişanları tamamlayır. İnteryer Qauço dərisi ilə üzlənib, qapılardakı xatirə lövhələri və tikmə-naxışlarla bəzədilib.
Bugatti Chiron Super Sport versiyasının texniki hissəs standart olaraq qalır - kupe 1600 at qüvvəli dörd turbokompressorlu W16 mühərrikinə malikdir. Hiperkar 100 km/saat həddinə 2,4 saniyəyə sürətlənir və onun maksimal sürəti 440 km/saat təşkil edir.
Adi Chiron Super Sport hiperkarının qiyməti 3,2 milyon avrodur, lakin fərdi Bugatti Chiron Super Sport 57 One of One modelinin qiyməti, əlbəttə ki, açıqlanmayıb. Necə deyərlər - bəy verən atın dişinə baxmazlar...
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.