Bugatti şirkəti bu həftə keçiriləcək Monterey Car Week tədbirində təqdim etməyi planlaşdırdığı yeni hiperkarın tizer kampaniyasını davam etdirir. Fransız istehsalçısı bu gün yeni modelin növbəti tizerini dərc edib. Təsvirdən də göründüyü kimi, yeni hiperkar açıq kuzova malik olacaqdır. Bir müddət bundan əvvəl, Bugatti şirkəti yeni hipekarın işıq texnikası təsvir olunan təsvirləri yaymışdı.

Yeni avtomobilin ön fənərinin forması La Voiture Noir hiperkarındakına bənzəsə də, dörd üfüqi zolaqdan ibarət naxış ilk dəfədir ki, Bugatti şirkəti tərəfindən tətbiq edilir. Arxa fənərlər də öz orijinallığı ilə seçilirlər - onlar X-şəkilli formaya malikdirlər. Qeyd etmək gərəkdir ki, ikinci tizerin başlığında “The last of its kind” (“Öz növünün sonuncusu”) yazılıb ki, bu da elektrik üstqurumu olmayan W16 ilə vidalaşmaya işarə edə bilər.

Bu gün dərc edilmiş tizerin başlığında isə, “Opening Up New Horizons” (“Yeni üfüqlər açılır”) cümləsi yazılıb. Çox güman ki, bu, yeni avtomobilin üstü açıq kuzovuna birbaşa işarədir.

Bugatti hələlik yeni model haqqında heç bir təfərrüatı açıqlamayıb. İkinci imzadan da göründüyü kimi, Kaliforniyada nümayiş etdiriləcək hiperkar şirkətin son elektrikləşdirilməmiş modeli olmalıdır.

Image alt Image alt Image alt

Bugatti əvvəllər W16 mühərrikini 2030-cu ilə qədər istehsal edəcəyinə söz vermişdi, lakin Rimac ilə birlikdə yaradılacaq gələcək hiperkarlarda elektrik mühərrikləri ilə tandemdə işləyən daxili yanma mühərriki quraşdırılacaqdır.

Cümə günü debüt edəcək rodsterə gəlincə, böyük ehtimalla, o da Divo, Centodieci və La Voiture Noire modelləri kimi Bugatti Chiron hiperkarına əsaslanacaqdır. İnsayder məliumatına görə, yeni hiperkar ən sadiq müştərilər üçün 99 nüsxədən ibarət məhdud saylı tirajla buraxılacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.