Bugatti şirkəti Chiron modelinin qeydə aldığı yeni dünya rekordu haqqında məlumat verib. Şirkətin bildirdiyinə görə, hiperkar 490,484 km/saat həddinə qədər sürətlənib. Seriya hiperkarına yaxın olan modeli Əndi Uolles idarə edib.
Məlum olduğu kimi, Bugatti Chiron 1500 at qüvvəsi hasil edən dördkompressorlu 8,0-litrlik W16 mühərriki ilə hərəkətə gəlir. Fransız markası Chiron hiperkarının maksimal sürətinin 420 km/saat olduğunu bəyan edib. Şirkətin rəhbəri Ştefan Vilkelmann Bugatti markasının belə nəticəni əldə etmiş ilk istehsalçı olduğunu qeyd edib.
Bugatti şirkətinin mətbuat xidməti yeni sürət rekordunun «seriya modelinə yaxın olan hiperkar» tərəfindən qeydə alındığını bildirib. Lakin, şirkət fərqin nədən ibarət olduğunu dəqiqləşdirməyib. Şirkətdən yaxın zamanlarda bu barədə ətraflı məlumat veriləcəyi bildirilib.