Buick Encore GX krossoveri Chevrolet Trailblazer modelinin doğma qardaşıdır: onların unifikasiya olunmuş texniki hissəyə malik olsalar da, fərqli dizayna və təchizata malikdirlər. Bu modellərin bazar taleyi də demək olar ki, bənzərdir. Hər iki krossover ilkin olaraq Çində debüt edib, lakin orada yaxşı qarşılanmayıblar. Trailblazer krossoveri yerli model çeşidindən çıxarılsa da, Encore GX modeli hələ də cərgədədir.
Bununla belə, keçən il Səma İmperiyasının dibi görünməyən bazarında cəmi on minə yaxın avtomobil satılıb. Ancaq ABŞ-da hər iki krossover yaxşı qarşılanıb. Encore GX hətta keçən il 33 min ədəd satılaraq yerli bazarda Buick brendinin bestsellerinə çevrilib. Buna görə də, yenilənmiş versiyanın debütü Çində deyil, ABŞ-da keçirilib.
Yenilənmiş Encore GX modelinin mühüm missiyası var: o, Buick şirkətinin Amerikadakı çeşidində yeni loqotipini və korporativ kimliyini (“köpəkbalığı burnu” və ikimərtəbəli optika) əldə edən ilk model olub. Xatırlatmaq gərəkdir ki, Çində bu elementlərin hər ikisi yeni Buick modellərində (Envista krossoveri və Century miniveni) dərhal tətbiq edilmişdi.
Buick Encore GX krossoverinin ilk dəfə Avenir top versiyasını aldığını da qeyd etmək gərəkdir: indiyə qədər belə versiyanı yalnız daha böyük və daha bahalı modellər üçün təklif edirdilər. Məsələn, ABŞ-da Enclave və Envision krossoverlərinin 27-28 faizi Avenir versiyasında satılır. İndi ən yığcam modelin də belə lüks versiyası var.
Yeni üz avtomobilin ümumi uzunluğuna (eyni 4354 millimetr) təsir etməyib, lakin qavrayışı kökündən dəyişib. Avenir tərtibatının xüsusiyyətləri (şəkillərdəki mavi avtomobil) fərqli radiator barmaqlığı, kuzovun əlavə xrom dekorundan və orijinal 19-düymlük təkər disklərindən ibarətdir. Üstəlik, yalnız ST (Sport Touring) və Avenir versiyalarındakı avtomobillər yeni arxa LED fənərlərlə təchiz olunur.
Yenilənmiş krossover Amerikada Virtual Cockpit System ön panelini alan ilk Buick modeli olub: artıq analoq cihazları səkkiz düymlük virtual panel ilə əvəzlənib, media sisteminin displeyinin diaqonalı isə səkkizdən 11 düymədək artırılıb.
Maraqlıdır ki, proyeksiya ekranı artıq əlavə ödənişlə belə mövcud deyil. Lakin iqlimə nəzarət sisteminin ayrıca paneli yerini qoruyub. Avenir versiyasında basma naxışlı bahalı dəri üzlüklər (dirsəkaltılar da daxil olmaqla) var, bununla belə, ikinci cərgədə hələ də orta baş dayağı yoxdur.
Texniki cəhətdən heç nə dəyişməyib: kapotun altında yalnız üçsilindrli turbomühərriklər var. Baza Buick Encore GX modeli 1,2-litrlik mühərrik (139 at qüvvəsi, 220 Nm), variator və ön ötürmə ilə təchiz edilir.
1,3-litrlik mühərrik (157 at qüvvəsi, 236 Nm) iki transmissiya ilə təklif olunur: ön ötürməli versiya variator, tam ötürməli isə, doqquz pilləli “avtomat” ilə təchiz edilir. Bütün versiyalar yarımüstəqil arxa asqıya malikdirlər.
Yenilənmiş krossoverlərin Cənubi Koreyadakı GM zavodundakı (Trailblazer də orada buraxılır) istehsalına mart ayında başlanacaqdır. Amerikadakı dilerlər isə belə avtomobilləri may ayında alacaqlar. Baza versiyası min dollar (26 900 dollardan) bahalaşacaq, Avenir top versiyası üçün isə ən azı 33 200 dollar tələb ediləcəkdir. Tezliklə Çində satılan krossover də yenilənəcəkdir: orada bu model artıq Encore Plus adı altında və yeni 1,5-litrlik dördsilindrli mühərriklə sertifikatlaşdırılıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.