Buick şirkəti korporativ dizayn üslubunun inkişaf vektorunu və qarşıdan gələn dəyişiklikləri nümayiş etdirən Wildcat EV konseptini göstərib. Plana əsasən, Buick markası 2024-cü ildə özünün ilk elektromobilini təqdim etməlidir. Elektrokarın bəzi həlləri “Vəhşi Pişikdən” götürməsi mümkündür. Gələcəkdə Wildcat süni intellekt, biometrika və aromaterapiya kimi yeni xüsusiyyətlərin tətbiqi üçün platformaya çevriləcəkdir.
Buick Wildcat EV konsepsiyası “tam elektrikli gələcəyə doğru irəliləyərkən yeni modellər üçün dizayn istiqamətini təyin edir”. Bu, 2+2 oturacaq düsturuna, Koenigsegg Gemera superkarını xatırladan forma və nisbətlərə malik olan böyük kupedir. Prototipin görünüşündə üstünlük təşkil edən əsas elementlər - trapesiyaşəkilli radiator barmaqlığı, Micro-LED texnologiyasına malik olan ön fənərlər və dama keçən üçölçülü arxa fənərlərdir.
Buick Wildcat konseptinin interyeri “tarazlıq, harmoniya və istilik hissini çatdıran” sadə, zərif formalara sahibdir. Sürücünün baxış zonasında dörd displey var. Ön paneldəki genişformatlı cihazlar panelinin ekranını qapılara quraşdırılmış yan görüntü kameralarının displeyləri və mərkəzi konsoldakı dirsəkaltının üzərindəki taçpad müşayət edir. Başqa bir vacib detal rəng seçimidir. Buick ağ və tünd yaşıl rəngin birləşməsindən, narıncı vurğulardan, habelə cilalanmış və pardaqlanmış alüminium əlavələrdən istifadə edir.
Wildcat EV prototipi bir sıra ekzotik funksiyalar üçün platforma rolunu oynayacaqdır. Süni intellekt, biometrika və hətta aromaterapiyadan geniş istifadə olunacaqdır. Məsələn, sürücünün ürək döyüntüsünün monitorinqi stress halını aşkarlayarsa, avtomatik olaraq istirahət proqramlarını işə salacaqdır. Məsələn, işıqlandırmanı azaltmaq, masaj funksiyasını aktivləşdirmək və ya salonu xoş ətirlə doldurmaq olar.
Bütün bunlar Buick brendinin transformasiyası üzrə böyük planın tərkib hissəsidir. Yeni strategiyaya əsasən, brend ilk elektromobilini 2024-cü ildə təqdim edəcək, cari onilliyin sonuna qədər isə, tam elektrik xətti formalaşacaqdır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.