General Motors konserninin ən gözlənilən elektromobillərindən biri Chevrolet Bolt modelinin bazasında yaradılan krossover olmalıdır. Chevrolet Bolt EUV modelinin debütü il yarım bundan əvvəl gözlənilsə də, bu günə qədər onu yalnız keyfiyyətsiz şəkillərdə görmək mümkün olub.
Bir müddət bundan öncə, gözlənilmədən yeni model Chevrolet markası altında deyil, Çin bazarında satılacaq Buick Velite 7 krossoveri kimi təqdim olunub. Ənənəvi olaraq, GM konserninin Çində təklif etdiyi avtomobillər arasında ən uğurlu olanları Buick markası ilə satılan avtomobillərdir. Buna görə də, yeni modelin bu marka altında təqdim edilməsi heç də təəccüblü deyil.
Buick Velite 7 krossoveri Chevrolet Bolt ilə eyni platformada yaradılıb. Hər iki avtomobil oxşar nisbətlərə və hətta bir sıra dizayn həllərinə malikdir. Bununla belə, krossoverin ön və arxa hissəsinin dizaynı Buick markasının korporativ üslubundadır. Orijinal Chevrolet Bolt modeli ilə müqayisədə krossoverin təkər bazası 74 millimetr (2675 millimetr), uzunluğu isə, təxminın 100 millimetrə (4264 millimetr) qədər artırılıb.
Hətta, beşnəfərlik salonun dizaynda da, Velite 7 modeli Bolt ilə bir çox öxşar cəhətlərə malikdirlər. Bununla belə, Buick Velite 7 modelində mediasistemin yeni 10-düymlük ekranı, virtual cihazlar panelinin 8-düymlük displeyi ilə eyni səviyyəyə qaldırılıb, transmissiyanın joystiki isə düyməli pultla əvəzlənib. Baqaj bölməsi ikiqat döşəməyə malikdir. Lakin, şirkət yalnız arxa divanın qatlandığı halda alınan maksimum həcmi göstərib - 1331 litr.
Krossoverin texniki hissəsi barədə məlumatı Çinin sertifikasiya orqanları açıqlayıblar: Velite 7 modeli 177 at qüvvəli elektrik mühərriki ilə təchiz edilir. Krossoverin maksimal sürəti 145 km/saat təşkil edir. LG Chem şirkətinin litium-ion dartma batareyası krossoveri 500 kilometrlik (NEDC) yürüş ehtiyatı ilə təmin etməlidir. Eyni zamanda, Buick Velite 7 krossoveri Bolt modelindən 44 kiloqram (1660 kiloqram) ağırdır.
Buick Velite 7 krossoveri SAIC GM ortaq müəssisəsi tərəfindən buraxılacaqdır. Krossoverin satışlarına bu ilin sonunda başlanmalıdır. Amerikalılar isə oxşar Chevrolet Bolt elektrik krossoverini bir qədər gözləməli olacaqdırlar.