Buick markası gələn yay nümayiş etdirməyi planlaşdırdığı konseptual elektromobilin tizerini paylaşıb. Bununla belə, amerikan istehsalçısı konsept haqqında təfərrüatları açıqlamayıb: hətta, avtomobilin adı da məlum deyil. Xatırladaq ki, bu yaxınlarda General Motors konserni aralarında Electra və Velite adları da olan bir sıra əmtəə nişanlarını qeydə alıb.
Ən maraqlısı odur ki, həm Electra, həm də Velite adları artıq Buick tərəfindən istifadə olunur. 2020-ci ildə Buick Electra adı ilə “kəpənək qanadları” üslubunda qapıları və “kosmik dizaynı” olan konseptual elektrik krossoveri debüt edib. Konseptin yaradılmasına GM konserninin Şanxayda yerləşən Panasiya Texniki Avtomobil Mərkəzi məsul olub. Konseptin adı isə, 1959 və 1990-cı illərdə buraxılmış modelə işarə idi.
Velite isə, Çində satılan avtomobillər ailəsinin adıdır. Bu ailəyə hibrid və elektrik mühərriki ilə təchiz edilmiş Velite 6 hetçbeki, habelə Velite 7 elektrik krossoveri daxildir. Sonuncu 177 at qüvvəli elektromotor ilə təchiz edilib və 50 km/saat həddinə 3,5 saniyəyə sürətlənir. Velite 7 modeli hər 100 kilometrə 13,1 kilovat-saat elektrik enerjisi sərf edir, onun ümumi yürüş ehtiyatı isə, NEDC dövrünə əsasən 500 kilometr təşkil edir.
Ola bilsin ki, Buick Electra konseptinin növbəti təfsirini göstərməyə hazırlaşır. Prototipin dərc edilmiş yeganə tizerində gündüz hərəkət işıqlarının (GHİ) şaquli bölməsini olan ön fənəri görmək mümkündür. Qeyd etmək lazımdır ki, GHİ-nın bənzər formasından 2020-ci ilin konsept avtomobilində də istifadə olunmuşdu.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.