Münhendə fəaliyyət göstərən DI Automobile firması satışa Bugatti Divo hiperkarını, daha dəqiq desək, hiperkar və avtomobilə olan növbədəki yeri satışa çıxarıb. Bu barədə elan Mobile saytında dərc olunub.
Avtomobil və onun növbə yeri üçün ümumilikdə 7913500 avro ödəmək gərək olacaqdır. Beləliklə diler Bugatti Divo modelində üç milyon avro qazanmaq niyyətindədir. Xatırladaq ki, hiperkarın qiyməti beş milyon avrodan başlayır. Cəmi 40 ədəd Divo hiperkarı buraxılacaqdır. Bütün avtomobillər öncədən sifarişlə satılıb.
Satışa çıxarılmış Bugatti Divo bu ilin sonuna yaxın istehsala getməli və 28 dekabrda hazır olmalıdır. Avtomobilin kuzovu qara rəngə boyanacaq, salonu isə alkantara ilə üzlənəcəkdir. Bugatti Divo hiperkarı Chiron modelinin ekstremal variantıdır. Model Chiron hiperkarından zahiri görkəmi və 456 kiloqram yerəbasma gücü hasil edən aerodinamik dayağı ilə fərqlənir. Bu, Chiron modelində olduğundan 90 kiloqram çoxdur. Divo Bugatti Chiron modelindən 35 kilqoram yüngüldür.
Hiperkar 1500 at qüvvəsi hasil edən 8,0-litrlik dörd turbokompressorlu W16 mühərriki və robotlaşdırılmış ötürmələr qutusu ilə təchiz edilir. 100 km/saat həddini toplamağa Divo modelinə 2,4 saniyə kifayətdir. Avtomobilin maksimal sürəti 380 km/saat həddində məhdudlaşdırılıb.