«Sən artıq yolun kənarındakı ağacı «qucaqladın»», - mərkəzi tonneldəki stəkanaltıdakı portativ radio stansiyadan Mixail Yuryeviç Kraşeninnikovun səsi gəlir. Bu sözlər buz meydançasındakı fəndləri yerinə yetirən jurnalistlərdən birinə yönəldilib.
Mixail Yuryeviç Renault Winter Driving School məktəbinin baş təlimatçısıdır. Ekstremal sürücülük ixtisası üzrə böyük təcrübəyə malik olan şəxslərdən biridir. Artıq üçü ildir ki, onun rəhbərliyi altında bir neçə ölkədən olan jurnalistlər sürücülük vərdişlərini cilalamaqla məşğuldur. Mənə də üçüncü dəfə bu kurslarda iştirak etmək nəsib olub.
Qeyd etməliyəm ki, Renault şirkətinin Rusiya ofisi kurslar ildən-ilə daha maraqlı edir. Bu ilki kurslarda bizləri «həyatda qalma», «ralli dopu» və «gecə yarışları» gözləyirdi. «Həyatda qalma» mərhələsində çətin yolsuzluq şəraitini keçməklə yanaşı, vəzifəmiz ərzaq və təmiz suyu əldə etmək, mövcud olan vasitələrdən istifadə edərək ocaq qalamaq və nəhayət gecələmək üçün komanın hazırlanması idi.
«Ralli dopunda» isə, bizə özümüzü ralli pilotu kimi hiss etmək şansı verilirdi. Təlimatçılar şturman rolunu oynayaraq bizə əvvəlcədən hazırlanmış stenoqramı oxuyurdular. Gündüz «yarışları» ilə bərabər gecə yürüyüşü də nəzərdə tutlmuşdu. Maraqlı bir təcrübə idi.
«Gecə yarışları» da bu il proqramda edilmiş maraqlı yeniliklərdən biri idi. Bu mərhələ səhər məşqlər apardığımız buz trekində qaranlıqda dövrələr vurulmasını nəzərdə tuturdu. Bu trekdə projektorlar və xüsusi yarış şinləri ilə təchiz edilmiş Renault Duster modelindən istifadə olunurdu.
Son iki mərhələdə iştirak etmək üçün isə, buz meydançasında məşqlərdə iştirak etmək və vərdişləri yada salmaq gərək idi. Məlumdur ki, ekstremal şəraitlərdən çıxmaq üçün məyyən biliklərə və vərdişlərə malik olmalısan. Avtomobili idarə etmək də bir elmdir və onun da özünə görə qayda-qanunları vardır. Üstəlik, söhbət qarlı-buzlu yollarda rastlaşacağınız vəziyyətlərdən gedir.
Ladoqa malikanəsi. Uzaqda görünən məşqlər üçün hazırlanmış meydançadır
İlk növbədə, düzgün əyləcləməyi öyrənmək lazımdır. Birinicisi, avtomobilinizin əyləc məsafəsini müəyyən etməlisiniz. İkincisi, əyləc pedalını düzgün basmaq gərəkdir - əgər bu fəndi yeyin və düzgün etmisiniz isə, o zaman avtomobilin qəza işıqları yanaraq bunu təsdiqləyəcəkdir. Məlumdur ki, Renault avtomobilləri belə funksiya ilə təchiz edilir. Əlbəttə ki, əyləcləmə təkərlərin düz dürması halında daha effektiv olur. Daha maraqlı bir element öndəki sürücünün qəfil əyləcləməsi zamanı göstərdiyiniz reaksiyanın qiymətləndirilməsi idi. İki avtomobil paralel olaraq eyni sürətlə hərəkət edir və onlardan biri öndədir. Öndəki sürücü qəfildən əyləci basır, sizin vəzifəniz isə onun arxa bamperini «öpməməkdir».
Sürücülük elində ən vacib biliklərdən biri sükanla «işləməkdir». Məlumdur ki, bəzən buzlu yollarda qəfildə sükanı döndərməli olursan - səbəblər müxtəlif ola bilər. Lakin, əsas məsələ hərəkət treyektoriyasını bərpa etməkdir - bunun üçün isə, sükanı rəvan şəkildə geri qaytarmaq lazımdır. Bu vərdişi yaxşılaşdırmaq üçün isə, konuslar düzülmüş meydanşada slalom hərəkətini yerinə yetirmək gərəkdir: özü də bunu sabit sürətdə etməlisən - yəni akseleratorun pedalına göstərdiyiniz təzyiq sabit мə dəyişilməz olmalıdır.
Renault komandasının min bir əziyyətlə hazırladığı trek
Deyə bilərsiniz burada nə var ki? Amma insanın fizeoloji quruluşu elədir ki, qolun qəfil hərəkətinə ayaq əzələləri də reaksiya verir. Əsas məsələ reflekslərə qalib gəlməkdir.
Növbəti mərhələdə əldə etdiyimiz vərdişlərin bir-birinə uyğunlaşdırılması gəlir - yəni əyləcləmə ilə dönmə. Bu dəfə keçəcəyimiz xətt ziqzaq formasındadır: sürətlənirsən, avtomobili yavaşladıb, iti bucaq altındakı döngəyə girməlisən. Sadə bir elementdir, amma burada da xırdalıqlar mövcuddur. Məsələn, döngəyə çatmamış düz duran təkərlərlə əyləcləmə etməli, gedəcəyin istiqamətə baxmalı, döngədəki sürəti düzgün seçməli və döngədən çıxan kimi düz xəttlə sürətlənməlisən. Qeyd etməliyəm ki, ən vacib məsələlərdən biri baxışdır - bir sözlə hansı istiqamətə baxırsansa, ora da yönəlirsən. Yəni, döngəyə deyil, yol kənarındakı ağaca baxdınsa, ağaca doğru gedəcəyinin də ehtimalı yüksəkdir.
Bu il fransız avtomobilləri fransız şinlərində idilər. Michelin X-Ice Notrh4 şinləri rekord sayda tikanlara malikdirlər. Bir təkərdə sayı 250 ədəd olan tikanlar 22 uzununa və 22 köndələn istiqamətdə düzülür. Şinlər şuqada və buzda əla xarakteristikalara malik olduqlarını sübut etdilər
Növbəti tapşırıq döngəyə avtomobilin arxa oxunu sürüşdürüb girməkdir. Bu saman ön oxun sürüşməsinə imkan vermək olmaz. Ümumiyyətlə, ön oxun şürüsməsi çox pis haldır - bu döngəni qaçırmaq, hərəkət istiqamətinin əksinə və ya yoldan kənara çıxmaq deməkdir. Avtomobilin döngəyə girməsi üçün ilk növbədə ön təkərlərə dayaqlanması gərəkdir. Arxa oxun sürüşməsinin qarşısı almaq daha asandır - onu akselerasiya və sükanın köməkliyi ilə «dartıb» vəziyyətdən çıxarmaq olar. Ən mahir sürücülər isə, ümumiyyətlə döngəyə girmək üçün bu sürüşmədən istifadə edirlər və ona nəzarət etmək bacarığına malikdirlər.
Bu bacarığı cilalamaq üçün isə, 180 və 360 dərəcəlik dönmə tapşırıqları vardır. Burada, artıq sükan və akseleratorla işləmək məharəti ön plana çıxır. Söhbət ardıcıl olaraq arxa oxu sürüşdüb, avtomobili doğru istiqamətə yönəltməkdən gedir. Bu işdə sükan idarəetməsini anlamaq vacib məsələdir - əsas instinktlərə qalib gəlmək, özünü vaxtında sükanı «geri qaytarmağa» məcbur etməkdir.
Michelin təkərləri və tam çəkiş sisteminin tandemi buz səthi ilə yaxşı ilişməni təmin edir
Ən maraqlı və ən çox sevdiyim tapşırıqlarda biri arxa oxun amplitudalı sürüşməsinin ram edilməsidir. Qeyd etmək lazımdır ki, bu yolda baş verəcək ən təhlükəli vəziyyətlərdən biridir. Adətən üçüncü sürüşmədən sonra sürücü özünü itirir və nə edəcəyini bilmir.
Avtomobilin arxa oxunu sürüşdürmək asandır, sükanı tam döndərib akseleratoru basmaq kifayətdir. Əsas iş elə bundan sonra başlayır: arxa oxun sürüşməsi ilə sükanı «geri qaytarmaq» və yenidən akseleratora basaraq, daha bir sürüşməni yaratmaq. Beləliklə, əl və ayaq hərəkətlərinin ahənglə işləməsini təmin edərək sürüşməni nəzarət altına almaqdır. Əsas əllərlə yeyin işləmək və akseleratoru «atmamaqdır». Bir də ki, baxışlar - yenə də baxışlar getdiyiniz istigamətə yönəlməlidir, - yəni düz istiqamətə.
Bütün bu fəndləri biz birinci gün üzərində şuqa (qar və suyun qarışığı) olan buz meydançasında edirdik. Demək olar ki, real vəziyyətə ən uyğun olan səth idi. Gecə möhkəm şaxta olduğundan həm meydança, həm də trekin səthi tamamilə donmuşdu. Artıq yol səthinin vəziyyətinin dəyişməsi sürücülük üslubunda müəyyən düzəlişlər etməyi gərəkdirirdi.
Sürətlənmənin başlanğıcında təkərlərin az da olsa yerində fırlanmasına icazə verilir
Əlbəttə ki, bütün bunlar kurslarda iştirak etdiyimiz Renault Koleos, Kaptur və Duster modellərinin tam çəkiş sisteminə hesablanmış fəndlər idi. Avtomobilin çəkiş növündən asılı olaraq fəndlərdəki texnika dəyişə bilər.
Beləliklə, qarlı-buzlu yolda avtomobiliniz sürüşərsə nə etmək gərəkdir? İlk növbədə soyuqqanlı olmaq gərəkdir, panikaya qapılmaq olmaz. Vəziyyəti təhlil edib, düzgün qərarlar qəbul etməlisiniz.
Döngədə avtomobilin ön oxu sürüşməyə başlayıbsa, sükanı daha çox döndərməyə ehtiyac yoxdur, sürətin rəvan şəkildə azaldaraq avtomobili sabitilləşdirməlisiniz. Yaxşı olar ki, sükanı bir qədər geri qaytarıb ön təkərlərin səthlə ilişməsini bərpa edəsiniz.
«Yarış» Duster'ləri bir şində 300 ədəd iki millimetrlik tikanları olan Master Sport KX46 ralli məşq şinləri ilə təchiz edilmişdirlər
Yadda saxlayın: döngədə akselerasiyanı azaltmaq və ya əyləci basmaq olmaz. Bunu etməmək çox çətindir, çünki instinktlərə qarşıdır. Əgər, el arasında demişkən «qazı» azaltsanız, ön təkərlər daha çox sürüşməyə başlayacalar. Hətta, avtomobil döngənin içərilərinə doğru yönəlsə belə bunu etmək lazım deyil - bu halda da «qazla» avtomobili döngədən dartıb çıxarmaq olar.
Arxa ox sürüşərsə, sükanı çevik şəkildə arxa oxun sürüşdüyü istiqamətə çevirmək, sonra isə rəvan şəkildə geri qaytarmaq gərəkdir. Bu isə, arxa oxun təkərlərinin ilişməsinin artması zamanı ikinci sürüşməyə keçməinin qarşısını alacaqdır. Yox əgər sürüşmə davam edərsə, demək amplitudalı sürüşmə başlayıb.
Akseleratorla işləməyə gəldikdə isə, vəziyyət ötürmədən asılı olaraq bir qədər dəyişir. Tam çəkişdə təkərlərdəki dartma qüvvəsini bütün aparıcı təkərlərdə sabit saxlamaq lazımdır. Öndən çəkişdə dartma qüvvəsini rəvan saxlamaq, hətta gərək olarsa bir qədər artırmaq da olar. Arxa çəkişdə isə, arxa təkərlərin avtomobilin sürəti ilə eyni səviyyədə hərlənməsini təmin etmək gərəkdir.
Buz trekindəki idarəetmə üslubunuz kursu necə qavradığınızın göstəricisidir
Ön təkərlər hər zaman getməyi nəzərdə tutduğunuz istiqamədə olmalıdır. Baxışların istiqamətini də unutmamaq gərəkdir. Yəni qorxduğunuz istiqamətə - yol kənarına deyil, yola doğru baxmaq gərəkdir. Əgər xilas olmaq üçün məkan məhduddursa, qəfil əyləcləməni həyata keçirmək gərəkdir. Bu zaman əyləc pedalına göstərdiyiniz gücü azaltmaq olmaz - ABS sistemi sizin niyyətinizi dəqiq anlamalıdır.
Mənim ilk müəllimim, Belarusun ralli üzrə çempionu, idman ustası Sergey Ovçinnikov «ağıllı və peşəkar sürücü ekstremal vəziyyətdən çıxmağı deyil, o vəziyyətə düşməməyi bacaran sürücüdür» deyərdi. Məncə doğru fikirdir. Atalarımız da boş yerə «ehtiyat igidin yaraşığıdır» deməyiblər.
Xilasedicilərin aerokirşələri hər zaman müdaxiləyə hazırdır
Buzlu yol tələskənliyi, özündən razılığı və mətniqsiz hərəkətləri sevmir, bacarıqsızlığı isə bağışlamır. Buzlu yolda ikiqat ehtiyatlı olmaq gərəkdir - məsafəni gözləmək, iti hərəkətlərdən çəkinmək lazımdır. Akselerator və əyləc pedalı ilə «yumşaq» işləmək gərəkdir.
Nəhayət, sükan arxasında düzgün oturmağı, sükanı düzgün tutmağı və idarə etməyi, avtomobilinizin texniki xüsusiyyətlərini bilməlisiniz. Ən əsası da mövsümə və təbii şəraitə görə şinləri düzgün seçməlisiniz.