Volkswagen Çin avtomobil bazarındakı liderliyini itirib – alman istehsalçısını taxtından edən Çinin gənc BYD markasıdır. Noyabr ayının nəticələrinə görə, BYD şirkəti Çində 152 863 avtomobil sataraq Volkswagen (143 602) və Toyota (115 272) şirkətlərini geridə qoyub. Reuters analitikləri ayın sonuna qədər BYD şirkətinin Çində mütləq satış reytinqinə başçılıq edəcəyindən əmindirlər. BYD markasının uğuru simvolikdir, çünki aprel ayından bəri onun çeşidində ənənəvi daxili yanma mühərrikləri olan avtomobillər yoxdur.

BYD markası 2003-cü ildə yaradılıb, buna görə də Volkswagen və Toyota ilə müqayisədə Çin markası çox gəncdir. Bununla belə, kapitallaşma və istehsal olunan elektomobillərinin sayı baxımından BYD artıq tanınmış liderləri sıxışdırır.

Ötən illə müqayisədə yeni satış statistikası xüsusilə diqqətəlayiqdir. Noyabrda BYD markasının 83% artım göstərdiyi halda, Volkswagen - 0,3%, Toyota isə 0,5% dəyər itirib. On bir ayın nəticələrinə görə, artım daha da heyranedicidir: BYD 142% daha çox avtomobil satıb və reytinqdəki on birinci yerdən üçüncü pilləyə qalxıb!

Yuxarıda göstərilən məlumatların hamısı yalnız Çin bazarı üçün keçərlidir, lakin BYD markasının rəqabətli Çin bazarında əldə etdiyi uğurlar, onun digər bazarlara müdaxiləsinin yalnız zaman məsələsi olduğunu göstərir. 2023-cü ildə BYD Yaponiya bazarına daxil olacaq və Avropadakı mövcudluğunu genişləndirəcəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.