Çinin BYD konserninin lüks avtomobil markası Yangwang ultra-lüks sedan seqmentinə iddialı modelini təqdim edib. Yangwang Altior adlanan tam elektrikli sedanın dünya premyerası Abu-Dabidə keçirilib. Modelin əsas hədəfi Rolls-Royce Ghost, Bentley Flying Spur və Mercedes-Maybach S-Class kimi nüfuzlu avtomobillərlə rəqabət aparmaqdır.
Yangwang Altior-un eksteryeri ənənəvi Çin mədəniyyətindən ilhamlanaraq hazırlanıb. Avtomobilin dizayn konsepsiyasının əsasını qədim Çində mərasimlərdə istifadə olunan Ding adlı tunc qab təşkil edir. 5600 millimetr uzunluğa, 2030 millimetr enə və 1590 millimetr hündürlüyə malik sedanın təkər bazası 3500 millimetrdir.
Modelin ön hissəsində 137 ayrı elementdən ibarət, qiymətli daşları xatırladan radiator barmaqlığı diqqəti cəlb edir. Barmaqlığın işıqlandırma sistemi də Çin tunc qablarının estetikasından ilhamlanıb. Ön loqotipin hazırlanmasında 24 karatlıq qızıldan istifadə olunub. Faraların 12 hərəkətli işıq elementi avtomobilə yaxınlaşdıqda xüsusi ardıcıllıqla işıqlanır.
Altior-un arxa qapıları hərəkətin əks istiqamətində açılır və 90 dərəcə bucaq altında hərəkət edə bilir. Ön qapıların açılma bucağı isə 80 dərəcədir. Qapıların daxilində çətirlər üçün xüsusi bölmələr də nəzərdə tutulub. Avtomobil 21 düymlük disklərlə təchiz edilir.
Yangwang Altior-un salonu dörd nəfərlik konfiqurasiyada hazırlanıb. İnteryerin tərtibatında yarım anilin dəri, təbii ağac, yun xalçalar və Suzhou ipək tikmələrindən ilhamlanan dekorativ elementlərdən istifadə olunub. Havalandırma deflektorlarının ətrafında sarı Hetian nefritindən detallar yerləşdirilib.
Arxa sərnişinlər üçün nəzərdə tutulan iki ayrıca kreslo elektrik tənzimləmələri, masaj funksiyası və xüsusi rahatlıq rejimi ilə təchiz edilib. Bu rejim aktivləşdirildikdə oturacaqlar uzanır, ayaq dayaqları qaldırılır, günəş pərdələri bağlanır, salonun işıqlandırması, səs və ətir parametrləri dəyişdirilir.
Arxa sərnişinlərin sərəncamında 21,4 düymlük tavan ekranı, simsiz enerji doldurma qurğuları və ayrıca idarəetmə konsolu var. Salonda iki soyuducu, o cümlədən içkiləri həm soyutmaq, həm də isti saxlamaq funksiyasına malik arxa bölmə quraşdırılıb. Dynaudio Platinum Evidence audio sistemi isə 39 dinamikdən ibarətdir.
Yangwang Altior BYD-nin e4 platforması əsasında hazırlanıb və hər təkər üçün ayrıca idarə olunan dörd elektromotorla təchiz edilib. Avtomobil 1000 voltluq elektrik arxitekturasına malikdir. İstehsalçının məlumatına görə, ikinci nəsil Blade batareyası CLTC dövrünə əsasən 1000 kilometrdən artıq yürüş ehtiyatı təmin edir.
Model BYD-nin Flash Charging sürətli enerji doldurma texnologiyasını dəstəkləyir. Şirkətin açıqladığı məlumatlara əsasən, 10 faizdən 70 faizə qədər enerji doldurmaq təxminən beş dəqiqə çəkə bilər. Doldurma gücü 1 meqavatı keçir. Bununla belə, elektromotorların ümumi gücü, fırlanma anı və batareyanın tutumu barədə ətraflı texniki göstəricilər hələ açıqlanmayıb.
Sedan tam aktiv DiSus asqı sistemi və God’s Eye A sürücüyə yardım kompleksi ilə də təchiz edilir. Texnoloji imkanlar arasında yerində dönmə, “krab” rejimində yan hərəkət, eləcə də təkər deşildikdən sonra yüksək sürətdə hərəkət sabitliyinin qorunması funksiyaları var. BYD avtomobilin suya düşdüyü halda səthdə qala bilməsini də xüsusi imkanlarından biri kimi təqdim edir.
Yangwang Altior Executive və Bespoke versiyalarında təklif ediləcək. İlk xüsusi Bespoke versiyası Shanhe Dingyun adlanır. Dağ və çay mənzərələrindən ilhamlanan bu modifikasiya qəhvəyi-qızılı eksteryer rəngləri və nefrit motivli interyer detalları ilə fərqlənir. Xüsusi seriyanın tirajı 399 avtomobillə məhdudlaşdırılıb.
Çində Shanhe Dingyun versiyası üçün ilkin sifarişlər qəbul edilir. Onun qiyməti 2,08 milyon yuan, təxminən 311 500 ABŞ dolları təşkil edir. Modelin digər bazarlarda satışa çıxarılma vaxtı və qiymətləri hələ açıqlanmayıb.
2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









