BYD şirkəti tam ölçülü Leopard 8 ofrouderini ilk dəfə aprel ayında keçirilən Pekin avtosalonunda ictimaiyyətin qarşısına çıxarıb. O zaman ofrouder konsept statusunu daşıyırdı, amma cari ilin may ayında ofrouderin seriya versiyası işıq üzü görüb və artıq onun haqqında demək olar ki, bütün detallar məlumdur.

FangChengBao Leopard 8 tam ölçülü çərçivəli ofrouderdir. Onun uzunluğu 5195 millimetr, eni - 1994 millimetr, hündürlüyü isə, 1875 millimetrdir. Avtomobilin oxları arasındakı məsafə 2920 millimetrdir. O, adaptiv amortizatorlu müstəqil asqıya malik olan çərçivəli DMO (Dual Mode Off-Road) platformasında inşa olunub. 

Leopard 8 həm ardıcıl, həm də paralel rejimdə işləyən BYD hibrid güc aqreqatı ilə təchiz edilib. Qurğunun tərkibinə 272 at qüvvəli 2,0-litrlik turbomühərrik daxildir, lakin təkərlərin hərəkətə gəlməsinə ön oxdakı 272 at qüvvəli və arxa oxdakı 408 at qüvvəli elektrik mühərrikləri cavabdehdir.

Hibrid güc qurğusunun ümumi gücü 680 at qüvvəsinə bərabərdir. Dartma batareyasının tutumu hələlik açıqlanmayıb, lakin onun  kifayət qədər böyük olduğu aydındır, çünki ofrouderinin təchiz edilmiş şəkildəki çəkisi 3305 kiloqramdır. Ofrouderin tam çəkisi isə, 3905 kiloqramdır!

Salonda üç oturacaq sırası var, ikinci sırada üç nəfərlik divan və ya elektrik tənzimlənməsi, havalandırma və isitmə funksiyaları olan iki ayrı kreslo quraşdırıla bilər. Ön paneldə üç ayrı ekran var - biri cihazlar paneli üçün, ikisi isə, media sistemi üçün (mərkəzdə və sərnişinin qarşısında) nəzərdə tutulub.

Ancaq mərkəzi tuneldə çoxlu analoq idarəetmə elementlərini görmək olar. Ümumiyyətlə, ofrouderin interyeri kiçik qardaşı Leopard 5 modelinin daxili tərtibatını təkrarlayır.

Leopard 8 modelinin özəl xüsusiyyəti onun Huawei ilə sıx əməkdaşlıqda yaradılmış bort elektronikasıdır. Bu, elektron nəhənginin mobil cihazları və texnologiyaları ilə genişləndirilmiş inteqrasiyanın, eləcə də qabaqcıl kamera sistemi və ön şüşənin üstündə üç lidarı olan xüsusi ADS 3.0 avtopilotunun olması deməkdir.

Bundan əlavə, Leopard 8 ofrouderi Huawei UWB texnologiyasından istifadə edərək açarsız girişi dəstəkləyən dünyanın ilk avtomobili olub. Bu qısa mənsafəli rabitə standartı adi Bluetooth və Wi-Fi protokollarına alternativ olaraq yaradılıb. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Onun əsas xüsusiyyətləri isə, cihazın mövqeləndirilməsinin ən yüksək dəqiqliyi və qoşulma təhlükəsizliyinin artırılmasıdır. Bu parametrlər avtomobilə açarsız daxil olmaq üçün çox vacibdir.

Leopard 8 modelinin satışına ilin sonuna qədər start verilməlidir. BYD ofrouderi Toyota Land Cruiser 300 modelinə birbaşa rəqib hesab edir, ona görə də Çində belə böyük FangChengBao ofrouderinin baha başa gələcəyi gözlənilir - təxminən 500 min yuana (70 min dollar).

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.