BYD-nin premium FangChengBao markası yeni Tai 9 plug-in hibrid krossoverini təqdim edib. Altıyerlik salonu, 400 kilometrə yaxın elektrik yürüşü və qeyri-adi qatlanan sükanı ilə seçilən model artıq Çində satışa çıxarılıb.
Tai 9-un ən diqqətçəkən yeniliyi sükanın tamamilə ön panelin içərisinə yığılmasıdır. Avtomobil dayandıqda sükan təxminən 10 saniyə ərzində panelin içərisinə çəkilir və sürücü üçün əlavə yer açılır. Sükanın yığılmış vəziyyətində onun yerində kiçik masa yerləşdirmək və ya sürücünün ayaqlarını uzadaraq dincəlməsi mümkündür.
Bu həll sükan sütununun olmaması sayəsində həyata keçirilib. Tai 9 sükanın mexaniki bağlantısı əvəzinə elektron idarəetməli steer-by-wiresistemindən istifadə edir. Sükanın qatlanmasına yalnız avtomobil tam dayandıqda icazə verilir.
Krossover 66,4 kVt·saatlıq batareya ilə təchiz olunub. CLTC ölçmə dövrünə əsasən, elektrik rejimində yürüş ehtiyatı 400 kilometrə çatır. 1,5-litrlik turbomühərrik və iki elektromotor birlikdə 528 at gücü hasil edir. 2865 kiloqramlıq və 5,3 metr uzunluğundakı avtomobil 0-dan 100 km/saata təxminən 4,8 saniyəyə sürətlənir.
Tai 9 həmçinin arxa sərnişinlər üçün qatlanan ekran, DiSus-A adaptiv asqı sistemi, idarələnən arxa təkərlər və God’s Eye B 5.0 sürücüyə yardım kompleksi ilə təchiz edilib.
Hazırda modelin Böyük Britaniya və Avropa bazarlarında satışa çıxarılması planları açıqlanmayıb.
© 2000–2026 Autograph.az. Bütün hüquqlar qorunur. Materialların köçürülməsi və ya hər hansı formada istifadəsi yalnız Autograph.az-a aktiv keçid göstərilməklə mümkündür.









