Bir müddət bundan əvvəl BYD Han EV elektrik sedanı barədə məlumat vermişdik. Lakin bu modelin elektrik versiyası ilə yanaşı hibrid versiyası da mövcuddur. Han DM adlanan hibrid sedan elektrik versiyası ilə birlikdə debüt edib: ön oxda 2,0-litrlik turbomühərrik, arxa oxda isə elektrik mühərriki quraşdırılıb.

Ümumilikdə mühərriklər 436 at qüvvəsi hasil edirlər. Özü də Çində belə hibrid elektrokardan bahadır: 34 minə qarşı 35 min dollar. Lakin indi Han modelinin modifikasiya çeşidində daha qabaqcıl hibridlər peyda olub – BYD Han DM-i və BYA Han DM-p.

BYD Han DM-i

BYD şirkətinin bir il bundan öncə təqdim etdiyi DM-i (Dual Mode Intelligent) hibrid güc qurğusu həm ardıcıl, həm də paralel rejimdə işləyir. Kapotun altında 139 at qüvvəli 1,5-litrlik benzin turbomühərriki yerləşir. Aşağı sürətlərdə mühərrik söndürülür və ya batareyanı doldurmaq üçün generator rejimində çalışır.

BYD Han DM-i əsasən elektrik rejimində hərəkət edir: ön oxda - 197, arxa oxda isə 218 at qüvvəli elektromotor yerləşdirilib. Ümumilikdə güc qurğusu 415 at qüvvəsi hasil edir.Sürətin artması ilə elektromotorların səmərələliyi aşağı düşür və hibrid sistem paralel rejimə keçir: daxili yanma mühərriki mufta və birpilləli reduktor vasitəsi ilə ön oxa qoşulur. Burada ötürmələr qutusu yoxdur.

BYD Han DM-i

Blade litium-dəmir-fosfat batareyası salon döşəməsinin altında yerləşir və 37,5 kilovat-saatlıq tutuma malikdir. Batareyanı məişət elektrik şəbəkəsindən də doldurmaq mümkündür. Sırf elektrik rejimində sedanın 242 kilometr qət edəcəyi bildirilir. Dolu yanacaq çəni və batareya ilə ümumi yürüş ehtiyatı köhnəlmiş NEDC dövrünə əsasən 1300 kilometr təşkil edir. Ortalama yanacaq sərfiyyatı 100 kilometrə 4,2 litrdir.

BYD Han DM-p modifikasiyası da eyni hibrid sistemin Performance adlı versiyası ilə təchiz olunur. Benzin mühərriki və batareya eyni olsa da, daha güclü elektrik mühərrikləri quraşdırılır: ön mühərrik - 218, arxa mühərrik isə 272 at qüvvəsi hasil edir. Ümumilikdə - 490 at qüvvəsi. Yürüş ehtiyatı 202 kilometrə qədər azaldılıb, amma hibrid 100 km/saat həddini 3,7 saniyəyə toplayır.

BYD Han DM-i

Yeni versiyaların debütünə modelin restaylinqi də hazırlanıb. BYD Han DM-i yeni bamperləri, başqa radiator barmaqlığını və “hörmə” naxışı olan arxa fənərləri əldə edib. Yeni dayaq sedanın uzunluğunu 15 millimetr artıraraq 4975 millimetrə çatdırıb. Daha güclü DM-p versiyası başqa təkərləri, şinləri və daha güclü əyləcləri ilə fərqlənir.

Salon demək olar ki, dəyişməyib. Burada multimedia sisteminin 15,6-düymlük dönən displeyini, 12,3-düymlük rəqəmsal cihazlar panelini və az sayda düymələri görmək olar. Lakin, oturacaqların Nappa dərisi ilə üzlənməsi də daxil olmaqla, tərtibat materiallarının çeşidi genişləndirilib. Zolaqda saxlama funksiyası olan adaptiv kruiz-kontrol təkmilləşdirilib və indi DiPilot adlanır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt

Yeni hibrid sedanlar yazın sonunda Çində satışa çıxarılacaqdırlar. Qiymətlər elan edilməyib, lakin DM-p versiyası Han ailəsinin ən bahalı üzvü olacaqdır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.