BYD konserni elektrikləşdirilmiş avtomobillərin istehsalında lider mövqeyini möhkəmləndirmək niyyətindədir. 2023-cü ildə yaradılmış Yangwang brendi Çin istehsalçısına əlçatan elektrik modellərinin istehsal həcminə görə Tesla şirkətini ötməyə və qabaqcıl texnologiyalar sahəsində mübarizə aparmağa kömək etməlidir.

Yeni brendin ilk nümayəndəsi nəhəng Yangwang U8 ofrouderi olub. Lüks markanın ikinci modeli isə, Yangwang U7 supersedanı olacaq. Sedanın tamölçülü təqdimatı hələ qarşıdadır, lakin onun eksteryer dizaynı və əsas xüsusiyyətləri üzərindəki sirr pərdəsi artıq götürülüb.

Yangwang U7 nümayəndəlik sinfində çıxış edəcək iri sedandır. Onun uzunluğu 5265 millimetr, eni - 1998 millimetr, hündürlüyü isə, 1517 millimetr təşkil edir. Təkər bazasının ölçüsü 3160 millimetrdir.

Kuzovun ümumi nisbətləri elektrik sedanlarının xarici görünüşünün müasir şablonuna uyğundur, lakin eyni zamanda, U7 modelinin dizaynında onu bir çox oxşar rəqiblərdən fərqləndirən çoxsaylı bucaqlar və çıxıntılar var. 

Üstəlik, supersedan 0,195-ə bərabər olan aerodinamik müqavimət əmsalı ilə öyünə bilər! İşıqlandırma texnikasının böyük mötərizələri xüsusilə cəlbedici görünür.

Yangwang U7 sedanı U8 ofrouderi ilə eyni e4 güc qurğusunu bölüşür. Dörd elektrik mühərriki (hər təkərdə biri) ümumilikdə 1306 at qüvvəsi hasil edir! Müqayisə üçün: ən yeni Porsche Taycan modeli – 952 at qüvvəsinə, üçmühərrikli Tesla Model S Plaid – 1020 at qüvvəsinə, dördmühərrikli Zeekr 001 FR isə 1265 at qüvvəsinə malikdir.

Image alt Image alt Image alt Image alt

Belə güc qurğusunu qidalandırmaq üçün, Çin CLTC dövrünə əsasən 800 kilometrlik yürüş məsafəni təmin edən 135,5 kilovat/saatlıq litium-dəmir fosfat batareyası nəzərdə tutulub. Batareya 900 kiloqram ağırlığındadır, odur ki, sedanın boş çəkisinin 3095 kiloqram olmasında təəccüblü bir şey yoxdur.

U7 modelinin maksimal sürəti 270 km/saatdır, lakin onun 100 km/saata sürətlənmə vaxtı hələlik açıqlanmayıb. Digər xüsusiyyətləri kimi, avtomobilin interyeri də məxfilikdən çıxarılmayıb. Bunun üçün cari ilin sonuna qədər keçirilməli olan rəsmi təqdimatı gözləmək gərəkdir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.