ABŞ hökuməti Çin avtomobillərinin qarşısını almaq üçün gömrük rüsumlarından sədd çəkməyə hazırlaşarkən, BYD onların burnunun dibində mühüm bir təqdimat keçirib. O, ilk çərçivəli pikapını Çində deyil, xaricdə, Meksikada təqdim edib.Yeni BYD Shark hələlik Ford F-150 və ya Chevrolet Silverado kimi ənənəvi tamölçülü pikaplara rəqib deyil, lakin onu daha kiçik Ford Ranger və Chevrolet Colorado modelləri ilə müqayisə etmək olar.
Axı Çin avtomobili çərçivə quruluşuna, brutal dizayna və yalnız tam ölçülü iki oturacaq sırası olan dördqapılı kabinəyə malikdir. Onun təkər bazası 3260 millimetr, uzunluğu - 5457 millimetr, eni - 1971 millimetr, hündürlüyü isə, 1925 millimetrdir. Yük bölməsinin həcmi 1450 litrə bərabərdir.
İki il əvvəl BYD sırf benzinlə işləyən avtomobillərin istehsalından imtina edib, buna görə də yeni Shark konstruktiv olaraq FangChengBao törəmə brendinin Leopard 5 ofrouderi ilə unifikasiya edilmiş ardıcıl- paralel hibriddir.
DMO (Dual Mode Off-Road) güc qurğusuna kapotun altında uzununa quraşdırılmış və əsasən generator rejimində işləyən 1,5-litrlik benzin turbomühərrik daxildir. Lakin o, yüksək sürətlərdə azaldıcı reduktor vasitəsilə ön təkərlərə də qoşula bilər.
Əksər rejimlərdə BYD Shark iki elektrik mühərriki ilə hərəkətə gəlir. Ön mühərrik 231 at qüvvəsi və 170 Nm, arxadakı isə, 204 at qüvvəsi və 340 Nm hasil edir. Hibrid qurğunun maksimal gücü 435 at qüvvəsinə bərabərdir.
Blade seriyasından olan litium-dəmir-fosfat dartma batareyasının tutumu 29,6 kilovat/saat təşkil edir və o, çərçivə lonjeronlarının arasında quraşdırılır. Dolu batareya ilə yürüş məsafəsi 100 kilometr, hibrid rejimdə isə, dolu benzin çəni ilə 840 kilometr (NEDC dövrünə uyğun) təşkil edəcək. 100 km/saata sürətlənmə vaxtı 5,7 saniyədir.
Pikapın bütün təkərlərində müstəqil yaylı asqı dayanır, ön tərəfdə ikiqat köndələn qollar, arxada isə çoxqollu asqı quraşdırılıb. Yükgötürmə qabiliyyəti 835 kiloqram, üstəlik Shark 2,5 tona qədər çəkisi olan qoşqunu yedəyə ala bilər.
Pasport üzrə klirens 210 millimetrdir, ofroud üçün hərəkət elektronikasının xüsusi rejimləri (Sand, Mud, Snow) və təkərlərarası kilidlərin elektron imitasiyası nəzərdə tutulub. Magistral yolda hərəkət üçün isə, digər köməkçilər dəsti olan adaptiv kruiz-kontrol var.
İnteryer sadə tərzdə tərtib edilib, lakin 12,8 düymlük mərkəzi ekranı albom və portret istiqaməti (BYD modellərinin çoxdankı xüsusiyyəti) arasında seçim etməklə 90 dərəcə döndərmək olar. Apple CarPlay, Android Auto və standart mikrofonla karaoke rejimi də nəzərdə tutulub. Sürücünün ixtiyarına 10,25 düymlük cihazlar paneli və proyeksiya displeyi verilib.
BYD Shark pikaplarının Çindəki istehsalına bir neçə həftədən sonra başlanmalıdır. Meksikadakı satış qiymətləri artıq açıqlanıb: ən azı 900 min peso, yəni 53 400 dollar. Çindəki qiymətlər hələlik açıqlanmayıb, lakin yuxarıda adı çəkilən Leopard 5 modelinin qiyməti 290 min yuandan (40 min dollar) başlayır.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.