BYD şirkətinin Paris avtosalonundakı əsas yeniliyi orta ölçülü Sealion 7 krossoveri olub. O, may ayından başlayaraq öz vətənində satışa çıxarılsa da, Çindən kənarda ilk dəfə nümayiş etdirilir. Bununla belə, bu, onun bazar mövqeləndirilməsini dəyişməyəcək: həm daxili bazarda, həm də Avropa qitəsində “dəniz aslanı” Tesla Model Y ilə rəqabət aparacaq.

Sealion 7 krossoveri BYD Seal sedanına əsaslanır. Hətta krossoverin eksteryer dizaynı da BYD Ocean ailəsinin korporativ üslubunda hazırlanıb. Bu üslub paz formalı faralar (LED mötərizələr ilə), "süzən dam" və arxa fənərləri birləşdirən işıq zolağı ilə xarakterizə olunur.

 Model Y elektrokarının çinli rəqiblərinin ənənəsinə uyğun olaraq, Sealion 7 bir qədər böyükdür: onun uzunluğu 4830 millimetr (+ 80 millimetr), eni – 1925 millimetr (+ 4 millimetr), təkər bazası isə, 2930 millimetrdir + 40 millimetr). Lakin krossoverin hündürlüyü 4 millimetr azdır (1620 millimetr). Çin spesifikasiyasında krossover 19 və ya 20 düymlük təkər diskləri ilə təchiz olunur.

Salon tərtibatı da BYD avtomobil interyerlərinin bütün müasir kanonlarına uyğun olaraq hazırlanıb. Ön paneldə cihazlar paneli və media sisteminin ayrıca ekranları quraşdırılıb, karaoke və ön şüşəyə proyeksiya (tamamlanmış reallıq ilə) sistemi də var. Quraşdırılmış baş dayaqları olan ön oturacaqlar qızdırılır və havalandırılır. 

Digər avadanlıqlar arasında 11 təhlükəsizlik yastığı, dinamik kontur işıqlandırması, 12 dinamikli Dynaudio audio sistemi, hava təravətləndiricisi və 2,1 kvadratmetr sahəsi olan panoram dam var.  İkinci avtonomluq səviyyəsi olan firma DiPilot 100 avtopilotu (17 radar və 11 kamera) da mövcuddur.

Əsas baqaj 500 litr, ön hissədəki əlavə bölmə isə, daha 58 litr tutur. Krossoverin əsasını e-Platform 3.0 Evo arxitekturası təşkil edir. O, 800 voltluq elektrik sistemini, öndə ikiqollu, arxada isə, çoxqollu asqını ehtiva edir.

Hələlik Avropa üçün yalnız iki mühərrik ilə təmin edilən tam ötürməli modifikasiya bəyan olunub, lakin onun xüsusiyyətləri hələlik açıqlanmayıb. Çində satılan avtomobillərdə iki mühərrikin ümumi hasilatı 530 at qüvvəsi və 690 Nm təşkil edir.

Boş çəkisi 2330 kiloqram olan krossover 100 km/saat həddinə 4,2 saniyəyə sürətlənir, maksimal sürəti isə, 225 km/saatda məhdudlaşdırılıb. 80,6 kilovatt/saatlıq litium-dəmir fosfat dartma batareyası 550 kilometrlik (CLTC) yürüç məsafəsini təmin edir.

Bundan əlavə, Çində daha sadə arxa ötürməli versiyalar da satılır. Baza krossoverinin mühərriki 231 at qüvvəsi və 380 Nm hasil edir, batareyanın tutumu 71,8 kilovat/saat, yürüş məsafəsi isə, eyni 550 kilometrdir. 100 km/saata sürətlənmə vaxtı 7,3 saniyə, maksimal sürət isə, 210 km/saatdır.

Üçüncü modifikasiya ən uzun mənzilə (610 kilometr) malikdir, çünki o, ikimühərrikli versiya kimi 80,6 kilovat/saatlıq batareya ilə təchiz olunur. Yeganə elektrik mühərriki 313 at qüvvəsi və 380 Nm-ə malikdir, bu isə, 100 km/saat həddini 6,7 saniyəyə toplamağa və maksimal 225 km/saata sürətlənməyə imkan verir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

BYD Sealion 7 krossoverinin Avropa üçün qiymət siyahısı hələlik açıqlanmayıb. Krossoverin yalnız Böyük Britaniyadakı  başlanğıc qiyməti məlumdur: 45 min funt sterlinq (58 min dollar). Bu, Tesla Model Y modelinin arxa ötürməli baza versiyası üçün tələb ediləndən (47 min funt-sterlinq və ya 61 min dollar) azdır.

Çində Sealion 7 modelinin baza versiyası 190 min yuana (26 700 dollar), tam ötürməli top versiyası isə, 240 min yuana (33 700 dollar) başa gəlir.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.