4,9 metr uzunluğunda olan Tang krossoveri BYD markasının ən bahalı və nüfuzlu modelidir. Hazırda Tang krossoverinin 2018-ci ildə debüt etmiş ikinci nəsli satışdadır: əvvəlcə BYD Tang DM hibridi, daha sonra isə Tang EV elektrik versiyası peyda olub.

Avtomobillər eyni ardıcıllıqla da planlaşdırılmış yeniləmədən keçiblər: təkmilləşdirilmiş hibrid keçən il debüt edib, sonra isə onun ənənəvi ötürmələr qutusu olmayan yeni ardıcıl-paralel DM-i hibrid sistemi ilə təchiz edilmiş versiyası satışa çıxıb. İndi isə növbə BYD Tang EV elektromobilinə çatıb.

Əgər əvvəllər hibrid və elektrik versiyalarındakı vizual fərq çox az idisə, indi Tang EV daxili yanma mühərrikli versiyadan ciddi fərqlənir. Artıq saxta radiator barmaqlığı yoxdur, ön panel tamamilə bağlıdır. Bamperlər yenidən işlənib və yeni təkər diskləri daha az aerodinamik burulğanlar yaradır.

Hibridin ardınca elektromobil də yeni interyerə - yeni sükan çarxına (üçqollu əvəzinə ikiqollu) və qapı panellərinə sahib olub. Əvvəllər qapılarda yerləşən oturacaqların elektrik ötürməsinin idarəetmə pultu onların əsasına keçirilib. 

Ön panel arxitektura cəhətdən əvvəlkini təkrarlasa da, havalandırma deflektorlarının yeri və ölçüsü dəyişdirilib. Firma xüsusiyyəti də qorunub saxlanılıb - bu, multimedia sisteminin 15,6-düymlük fırlanan ekranıdır. Multimedianın özü yeni DiLink 4.0 nəslindədir. Cihazlar panelinin ekranının diaqonalı 12,3 düymdür. Proyeksiya displeyi də təklif edilir.

Bu günə qədər Tang (hibridləri də daxil olmaqla) modeli yalnız üç oturacaq sırası olan yeddi nəfərlik salonla təklif edilirdi. Yenilənmiş elektromobil üçün isə, ilk dəfə olaraq, yeni altı nəfərlik salon təklif olunur: ikinci sırada tam ölçülü elektrik ötürməsi, qızdırılma, havalandırma və vibromassajı olan fərdi kreslolar quraşdırılıb. Salon tərtibatı daha zəngin olub, seçimlər arasında Dynaudio audio sistemi və panoram dam var.

Texniki hissədə baş vermiş başlıca yeniliklər Blade seriyasından olan litium-dəmir-fosfat dartma batareyalarıdır. Əgər Tang EV modeli əvvəllər 86,4 kilovat-saat tutumlu batareya ilə təchiz edilirdisə, indi onun ön ötürməli versiyası 95 kilovat-saatlıq, tam ötürməli versiyası isə 108,8 kilovat-saatlıq batareya ilə təklif edilir. Mühərriklərin gücü dəyişməyib, lakin onlar modernləşdirilib və daha az enerji sərf edirlər.

BYD Tang EV modelinin baza versiyası 245 at qüvvəli elektrik mühərriki ilə hərəkətə gəlir və 615 kilometr (NEDC) məsafə qət edə bilir. Yenilənmədən əvvəlki versiyada bu göstərici 565 kilometr idi. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Tamötürməli krossover eyni ön mühərrikə malikdir, arxa oxda isə 272 at qüvvəli mühərrik quraşdırılıb. Güc qurğusunun ümumi hasilatı 517 at qüvvəsidir. NEDC dövrünə əsasən dolu batareya ilə yürüş ehtiyatı 505-dən 700 kilometrə qədər artıb. Tamötürməli krossover 100 km/saat həddinə sürətlənməyə 4,4 saniyə sərf edir. Bütün avtomobillər Brembo əyləclərinə və yeni nəsil DiPilot adaptiv kruiz-kontroluna malikdirlər.

Çin bazarında BYD Tang EV modelini may ayında almaq mümkün olacaqdır. Qiymətlərin təxmini diapazonu - 47 min dollardan 55 min dollara qədərdir. Hibrid qurğulu BYD Tang DM-i krossoveri daha ucuzdur: onun qiyməti 31 min dollardan başlayır.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.