Son zamanlar ciddi maliyyə problemləri yaşayan Byton startapı müflis elan edilməsi barədə ərizə verib. Autohome.com nəşrinin bildirdiyinə görə, şirkətin restrukturizasiyasını nəzərdə tutan işə Nankin şəhərinin rayon məhkəməsində baxılır.

Byton startapı və ya Nanjing Zhixing New Energy Vehicle Technology Development Co., Ltd., şirkəti 2017-ci ildə əvvəllər BMW şirkətində işləmiş Daniel Kirxert tərəfindən qurulub. Qeyd etmək lazımdır ki, Byton markası bu günə qədər bir avtomobil belə buraxmağa imkan tapmayıb,halbuki 2019-cu ildə Frankfurtda keçirilən avtosalonda marka M-Byte adlı seriya krossoverini nümayiş etdirmişdi.

Elektromobil alçaq damı olan kupeşəkilli kuzova, habelə kapotun ucunu vurğulayan və ön fənərləri ayıran "bıçağa" sahib idi.  Salonun əsas xüsusiyyəti isə, əlavə mini ekranlar, səs və jestlər vasitəsilə idarə olunan əyri formalı 48-düymlük nəhəng ekran idi.

Krossoverin başlanğıc versiyanı arxa oxda quraşdırılan 272 at qüvvəli elektik mühərriki və 72 kilovat-saatlıq batareya ilə təchiz ediləcəyi vəd olunmuşdu.  Başlanğıc elektrokarı 360 kilometrə qədər yürüş ehtiyatına malik olmalı idi. Bundan başqa, 408 at qüvvəli mühərriki və 95 kilovat-saatlıq batareyası olan daha güclü versiya da nəzərdə tutulmuşdu. “Bərkgedən” M-Byte krossoverinin elan edilmiş yürüş ehtiyatı 435 kilometrə çatırdı.

Ancaq perspektivli model işıq üzü görmədi. Bir il əvvəl, pandemiya səbəbindən startap təchizat ilə problemlər yaşamağa başladı. Bu hal işçilərin kütləvi şəkildə ixtisara salınması və startapın alman Byton GmbH törəmə şirkətinin iflası ilə nəticələndi.

Bu ilin əvvəlində dünyanın ən böyük elektronika istehsalçılarından biri olan Tayvanın Foxconn şirkəti Byton startapına dəstək olacağını və startapa 200 milyon dollar sərmayə qoyacağını bildirdi. Lakin, Bloomberg agentliyinin əldə etdiyi məlumata görə, Byton markasının 20 faizinə sahib olan FAW konserni işə qarışaraq özünün top menecerlərindən birini startapın başına keçirdi. FAW konserninin planları və Byton markasının gələcək taleyi barədə hələ məlumat verilməyib.

Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifiadə zamanı sayta istinad etmək mütləqdir.