Cadillac şirkəti Amerika bazarında satılan XT5 krossoverini yeniləyib. Amerikan istehsalçısı avtomobildə 40 yeniliyin olduğunu bildirib. Krossoverin eksteryerində yüngül dəyişikliklər olub, mühərrik çeşidi genişləndirilib, təchizat səviyyələri yenidən nəzərdən keçirilib və opsional avadanlıq siyahısı daha da zənginləşibdir.
Yenilənmiş Cadillac XT5 modelini iki müxtəlif naxışı olan radiator barmaqlığı və bamperlərin alt hissəsinin dəyişdirilmiş bölmələri sayəsində tanımaq olar. Avtomatik uzaq işıqları olan işıqdiodlarından hazırlanmış fənərlər modelin standart təchizatına daxildir. Bundan başqa, güzgülərin gövdələrinin forması optimallaşdırılmış, arxa şüşəsilən isə spoylerin altında gizlədilmişdir. Bu yeniliklər yüksək sürətlərdə aerodinamik səs-küyü azaltmalıdır.
Avtomobilin təchizat dəstləri amerikan markasının son siyasətinə uyğunlaşdırılıb: alıcılar Luxury, Premium Luxury və Sport versiyalarından birini seçə bilərlər. İlk iki versiya 18-düymlük təkər diskləri ilə təchiz edilirlər. Cadillac XT5 Sport versiyası kuzovun qara dekor elementləri, 20-düymlük təkər diskləri və interyerdəki “idman” cizgiləri ilə seçilir.
Salonda baş vermiş əsas yenilik təkmilləşdirilmiş üçüncü nəsil Cue multimedia sistemidir - artıq multimedianı mərkəzi tonneldəki “şayba” vasitəsi ilə də idarə etmək olar. Kroosverin təchizatına iki rəqəmsal cihazlar paneli, USB-C portları, 15-vatlıq induksion doldurma sistemi, gecə görüntü sistemi daxildir. Bundan başqa, mərkəzi konsolun tərtibatı dəyişdirilmiş, oturacaqların yeni üzlük variantları və rəng sxemləri tətbiq edilmişdir.
Cadillac XT5 modeli yeni mühərrikə də sahib olub. Luxury və Premium Luxury variantları standart olaraq 241 at qüvvəsi və 350 Nm fırlanma anı hasil edən yeni 2,0-litrlik dördsilindrli LSY turbomühərrik ilə təchiz edilirlər. Yeni mühərrikin əsas üstünlükləri yanacağa qənaət etməsi və ehtiyac olmadıqda iki silindrin söndürülməsi sistemidir. Sport variantı üçün isə, 314 at qüvvəsi və 367 Nm hasil edən 3,6-litrlik V6 atmosfer mühərriki standartdır.
Yenilənmiş XT5 modeli səkkiz pilləli Aisin “avtomatını” Cadillac markasının öz məhsulu olan 9-pilləli qutuya dəyişib. Tam çəkiş sistemi isə, adaptiv asqı, sükan gücləndiricisinin başqa tənzimləmələri və fırlanma anının vektorlaşdırması ilə birlikdə yalnız XT5 Sport modifikasiyası üçün nəzərdə tutulub.
Yenilənmiş Cadillac XT5 modelinin ABŞ bazarındakı satışlarına avqustun sonunda başlanacaqdır.