Çində ən kiçiklitrajlı Cadillac modeli təqdim olunub. SAIC-GM birgə müəssisəsinin buraxdığı yığcam CT4 sedanı tezliklə 204 at qüvvəli 1,5-litrlik Ecotec “turbodördlüyü” ilə təchiz edilmiş yeni baza versiyasına sahib olacaqdır.
Sadələşdirilmiş mühərriki olan Cadillac CT4 modelinin satışı noyabrın 28-də başlayacaq, lakin Çinin “Autohome” nəşrinin jurnalistləri artıq belə avtomobillə tanış olublar. Onlar baza versiyasının 2,0-litrlik modifikasiyalardan yeganə vizual fərqinin nişanlardan (28T əvəzinə 25T) ibarət olduğunu qeyd ediblər.
ABŞ-da Cadillac CT4 modelləri 2,0, 2,7 və ya 3,6 litrlik dörd və altı silindrli turbomühərriklərlə təchiz olunurlar, lakin Çində yalnız “kiçik” aqreqat əlçatandır, çünki tətbiq edilən vergi mühərrikin həcmindən asılıdır. İndi Cadillac CT4 modelini almaq daha sərfəli olacaqdır, çünki 1498 kubluq mühərrik bir litr yarıma qədər olan kateqoriyaya uyğundur.
General Motors konserninin premium brendi alman istehsalçılarının təcrübəsindən istifadə edərək, Səma İmperatorluğunda yığcam mühərrikə üstünlük vermək qərarına gəlib: Mercedes-Benz Çində altısilindrli Maybach sedanlarını satır, Audi şirkəti 2,0-litrlik A8 sedanını hazırlayır, Porsche isə, hardkor 718 Spyder modelinin mühərrik çeşidinə “turbodördlüyü” əlavə edib.
Cadillac CT4 modelinin baza versiyası arxaötürməli transmissiyanı qoruyub saxlayacaqdır, lakin ötürmələr qutusu haqqında məlumat yoxdur. Yəqin ki, SAIC-GM konserni 204 at qüvvəli turbomühərriki özünü doğrultmuş 8-pilləli “avtomatla” təchiz edəcəkdir. Sadələşdirilmiş təchizat elan edilməyib: görünən odur ki, baza sedanı 2,0-litrlik mühərriklə təchiz edilən versiyalarla eyni opsiyalara malik olacaqdır.
Hazırda Cadillac CT4 modelinin qiyməti 235 700 yuandan (56,3 min manat) başlayır, lakin daunsayzinqdən sonra sedan ən azı 10% ucuzlaşmalıdır. Noyabrın 28-də, satışların başlandığı gün, yeni modifikasiya haqqında daha ətraflı məlumat veriləcəkdir.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.