Bu gün Motor1.com saytı yenilənmiş Cadillac CTS sedanının sınaq testləri zamanı çəkilmiş cəsus fotoşəkillərini dərc etmişdir. Cəsuslar yenilənmiş modelin şəkillərini General Motors konserninin Miçiqan ştatında yerləşən poliqonunun olduğu Milford şəhərinin yaxınlıqlarında çəkməyə müəssər olmuşdurlar. Təsvirlərdən də göründüyü kimi, yenilənmiş sedan cari modeldən praktiki olaraq heç nə ilə fərqlənmir. Lakin, çəkilmiş fotoşəkillərə diqqətlə nəzər saldıqda, dizaynı dəyişdirilmiş radiator barmaqlığını müşahidə etmək olar.
Qeyd ermək lazımdır ki, radiator barmaqlığının dizaynı, tam yeni modellər olan Cadillac XT5 krossoverinin və CT6 sedanının dizayn üslubunda yerinə yetirilmişdir. Sedanın arxa bamperi də dəyişdirilmişdir. Bundan əlavə olaraq, səsboğucu sistemin borularının da yenilənmiş formasını görmək mümkündür. Çox güman ki, avtomobilin salonunda baş vermiş dəyişikliklər də cüzi xarakter daşıyacaqdır. Yəqin ki, amerikalılar avtomobildə yenilənmiş məlumat-əyləncə kompleksini quraşdıracaqdırlar. Bundan başqa, yenilənmiş CTS yeni sürücüyə yardım edən sistemlər və əlavə avadanlıqla da təchiz ediləcəkdir.
Cadillac CTS sedanının mühərrik qammasında ciddi dəyişikliklərin olması gözlənilmir. Avtomobilin baza variantı 268 at qüvvəsi gücü və 295 Nm fırlanma anı olan dörd silindirli turbomühərriklə hərəkətə gələcəkdir. Avtomobilin top-variantı isə 335 at qüvvəsi və 285 Nm fırlanma anı olan 3,6-litrlik V6 mühərriki ilə təchiz ediləcəkdir.