Cadillac şirkəti model xəttindəki ən bahalı və ən dəbdəbəli avtomobil olan Celestiq elektrmobilinin sınaqlarına başlayıb. Flaqmanın seriyaöncəsi prototipi artıq ictimai yollara çıxıb və Cadillac bu mühüm addımı sosial şəbəkələrdə rəsmi şəkilləri yayımlayaraq qeyd edib. Avtomobilin kuzovu tamamilə kamuflyaj örtüyünün altında gizlədilsə də, kamuflyaj onu əvvəl göstərilmiş prototipdən fərqləndirən detalları görməyə heç də mane olmur.
Cadillac Celestiq modelinin seryaöncəsi versiyası əsasən iyul ayında təqdim edilən prototiplə eyni tərtibata malikdir. Nəzərə çarpan fərqlər arasında yüngülcə dəyişdirilmiş mərkəzi hava girişi və ənənəvi yan güzgülər var. Sonuncular prototipdə kiçik kameralarla əvəz edilmişdilər. Bundan başqa, seriyaöncəsi versiya iki reflektorlu olan ənənəvi arxa bamperə və yuvarlaq bölmələri olan arxa işıqlara sahib olub.
Cadillac markasına ultra-lüks seqmentinə daxil olmağa kömək edəcək Celestiq flaqmanı, Rolls-Royce modelləri səviyyəsində olan qiyməti ilə seçiləcəkdir - onun 300 min dollara satılacağı söylənilir. Şirkət texniki detalları gizli saxlayır, yeganə məlum olan, bayraqdar elektromobilin Lyriq və GMC Hummer EV modelləri kimi Ultium platformasına əsaslanacağıdır.
Bir müddət bundan öncə, Cadillac bayraqdar modelinin interyer detallarını göstərib. Avtomobil ön panelin eni boyunca uzanan 55-düymlük panelə malik olacaqdır. Elektrik flaqmanının təchizatına şəffaflığı tənzimlənən panoram dam, və Ultra Cruise firma avtopilotu daxil olacaqdır.
Celestiq General Motors konserninin Uorrendəki (Miçiqan) elmi-texniki mərkəzində buraxılacaq ilk avtomobil olacaqdır. Mərkəz 1956-cı ildən fəaliyyət göstərir, lakin indiyədək burada yalnız mühəndislik işləri görülüb və bəzi komponentlər istehsal olunub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.