Cadillac şirkəti Escalade modelini dizel mühərriki ilə təchiz edəcəkdir. Cadillac Escalade 600D modfikasiyası bu modelin tarixində dizel mühərrikini alan ilk ofrouder olacaqdır.
Cadillac Society nəşrinin məlumatına görə, dizel mühərriki ilə təchiz edilmiş Cadillac Escalade modelini baqaj qapağının üzərinə vurulan 600D emblemi sayəsində müəyyən etmək mümkün olacaqdır. Modelin indeksindəki 600 rəqəmi mühərrikin yuvarlaq fırlanma anını göstərir: 3,0-litrlik altısilindrli turbodizel 281 at qüvvəsi və 623 Nm fırlanma anı hasil edir. Cadillac şirkəti yeni indeks sisteminə bu il keçib: üçrəqəmli indeks mühərrikin yuvarlaq maksimal fırlanma anını göstərir. Lakin, bu qayda V seriyasından olan "bərkgedən" avtomobillərə şamil edilmir.
Amerikan markasının rəhbəri Stiv Karlaylın sözlərinə görə, yeni nişanlanma Cadillac avtomobillərinin mövcud gücünü, dinamik xüsusiyyətlərini və yedəyəalma imkanlarını daha dolğun şəkildə nümayiş etdirəcəkdir. Bundan əlavə, belə bir indeks sistemi benzin, hibrid və elektrik modelləri üçün də istifadə oluna bilər, çünki at qüvvəsi və ya mühərrikin həcmi istehlakçıya lazım olan məlumatları tam əks etdirmir.