İlk "bərkgedən" Cadillac Escalade-V ofrouderi Lamborghini Urus krossoverindən iki dəfə baha qiymətə satılıb. Barrett-Jackson hərracının qalibi "001" VIN nömrəsi olan “bərkgedən” Esclalde-V modeli üçün yarım milyon dollar ödəyib.

Xatırladaq ki, yeni Lamborghini Urus modeli ABŞ-da təxminən 230.000 dollara başa gəlir. Əldə olunan vəsait xeyriyyə işlərinə yönəldiləcək – vəsaiti qaradərili yaradıcıları dəstəkləyən Miçiqan şəhərindəki Pensole Lewis College of Business & Design kollecinə köçürüləcəklər.

Hərraca çıxarılan ilk Cadillac Escalade-V modeli firma qırmızı rənginə boyanıb və maksimum təchizata malikdir. “Bərkgedən” ofrouderin kapotunun altında 691 at qüvvəsi və 885 Nm fırlanma anı hasil edən kompressorlu 6,2-litrlik V8 mühərriki yerləşir. Escalade-V modeli 60 mil/saat (97 km/saat) həddinə 4,4 saniyəyə sürətlənir.

Əslində, Cadillac Escalade-V modelinin ABŞ-dakı satış  qiyməti 150 min dollardan başlayır. Odur ki, ofrouderin yeni sahibi “gözəl” identifikasiya nömrəsi üçün, əlavə olaraq, iki belə ofrouderin dəyərini artıqlaması ilə ödəyib.

 İlk Cadillac Escalade-V modelinin buraxılışı özünəməxsus şəkildə qeyd olunacaqdır - məşhur idman ayaqqabısı dizayneri D'Ueyn Edvards xüsusi sifarişlə eksklüziv 2023 Escalade-V VIN 001 idman ayaqqabısını hazırlayacaqdır.

Altı ay əvvəl Barrett-Jackson hərracında ilk Chevrolet Corvette Z06 sportkarı satılıb və “001” VIN nömrəsi olan superkar üçün nə az, nə çox, 3,6 milyon dollar ödənilib. Xatırladaq ki, bu məbləğa yeni Bugatti Chiron hiperkarını almaq mümkündür.

© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.