2023-cü ildə ən çox satılan Cadillac avtomobili olan CT5 sedanı bu yaxınlarda restaylinqindən keçib. Onun ardınca “bərkgedən” versiyalar da planlaşdırılmış yenilənməyə məruz qalıblar. Modifikasiya çeşidində iki “bərkgedən” versiya var – “qaynar” Cadillac CT5-V və çılğın Cadillac CT5-V Blackwing. Rəsmi yubiley statusuna baxmayaraq (bu il V seriyasından olan sürətli Cadillac modellərinin iyirmi yaşı tamam olur), idman sedanları cüzi təkmilləşdirməyə məruz qalıblar. Lakin bunun da öz üstünlükləri var.
Baza versiyasında olduğu kimi, eksteryerdəki əsas dəyişikliklər ön hissədə cəmləşib. Bunlar gündüz hərəkət işıqlarının inteqrasiya edilmiş “dişləri” olan yeni şaquli ön fənərlərdir. Üstəlik, CT5-V, demək olar ki, Sport versiyasında olan adi yenilənmiş sedanın görünüşünü tamamilə təkrarlayır! Lakin ekstremal Blackwing sedanı karbondan splitteri olan yeni ön bamperi əldə edib. Kuzov rəngləri palitrasına üç yeni metallik boyası daxil edilib: Typhoon, Deep Space və Drift.
Yenilənmiş interyerin əsas yeniliyi 33-düymlük üfüqi ekrandır. Standart CT5 kimi, o, rəqəmsal cihazlar panelini və media sisteminin ekranını birləşdirir. Bununla belə, indeksində V hərfi olan idman sedanları üçün xüsusi olaraq, yarış praktikasını artırmağa xidmət edən bir sıra proqramlar yaradılıb.
Bu proqramlar dinamik göstəriciləri real vaxt rejimində nümayiş etdirir, onları yadda saxlayır və hətta idarəetmə texnikasını təkmilləşdirmək üçün məsləhətlər də verirlər. Xüsusi imkanlarla yanaşı, sportsedanların media sistemi Google xidmətlərinin genişləndirilmiş dəstəyini və xüsusi SuperCruise adaptiv kruiz kontrolunu alıblar. "Fiziki" yeniliklər arasında klimat-kontrolun fərqli blokunu və AKG səs sistemini qeyd etmək gərəkdir.
Sedanların texniki hissəsində dəyişiklik olmayıb. Cadillac CT5-V əvvəlki kimi 3,0-litrlik V6 biturbo mühərriki ilə təchiz olunur. Mühərrikin hasilatı dəyişməz olaraq qalır - 365 at qüvvəsi və 549 Nm. Yeganə mövcud transmissiya - on pilləli avtomatik ötürmələr qutusudur. Arxa oxda elektron kilidi olan differensial quraşdırılır. Əlavə ödəniş qarşılığında ön oxu qoşma muftası olan tam ötürmə sistemi təklif edilir.
“Bərkgedən” Cadillac CT5-V Blackwing modeli kompressorlu 6,2-litrlik V8 mühərriki (677 at qüvvəsi, 893 Nm) təchiz edilir. Bu mühərrik də on pilləli avtomatik transmissiya ilə tandemdə çalışır, lakin ötürmə alternativsiz şəkildə arxa oxadır. Başlıca xəbər isə, mexaniki transmissiyanın – Tremec firmasının altı pilləli ötürmələr qutusunun saxlanmasıdır. Bu müasir dövr üçün nadir hal sayılır, çünki hətta Golf GTI modeli belə mexaniki transmissiyadan məhrum edilib və V8 mühərriki olan üç pedallı böyük sedan həqiqətən eksklüzivdir!
Yenilənmiş V-sedanlarının canlı təqdimatı yanvarın 27-də “Daytonanın 24 saatı” yarış marafonunda baş tutacaq, burada Blackwing sedanı rəsmi Safety Car kimi çıxış edəcək. Avtomobillərin istehsalına yayda Lənsinq (Miçiqan) şəhərindəki zavodda başlanacaq. Yenilənmiş sportsedanların qiymətləri istehsalın başlanmasına qədər açıqlanmalıdır. Hazırda restaylinqdən əvvəlki CT5-V və CT5-V Blackwing sedanları müvafiq olaraq, 51 495 və 93 495 dollara satılırlar.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.