General Motors konserni bir il əvvəl Cadillac Vistiq elektromobilinin ilk şəkillərini nümayiş etdirib. Yeniliyin tam ölçülü təqdimatı isə, yalnız indi baş tutub. Bu artıq Cadillac brendinin dördüncü elektrik krossoveridir və bu elektromobillərin adlarından (Lyriq, Optiq, Vistiq, Escalade IQ) LOVE sözü əmələ gəlir. Bu, Tesla şirkətinin S3XY abbreviaturasına cavabıdır.

Cadillac Vistiq amerikan brendinin ənənəvi üslubunda hazırlanıb - radiator barmaqlığının əvəzinə boş panel və inkişaf etdirilmiş arxa işıqlar kimi xarakterik xüsusiyyətlər onu digər elektrik Cadillac elektrokarlarına bənzər edir.

Ölçü və formatına görə yenilik üçcərgəli Cadillac XT6 benzin krossoverinin analoqudur, özü də elektromobil ondan bir qədər böyükdür: onun uzunluğu 5222 millimetr, eni - 2203 millimetr, hündürlüyü isə, 1804 millimetrdir. Təkər bazası 3094 millimetrdir. 

Xatırladaq ki, XT6 modelində bu göstərici 2863 millimetr təşkil edir. Səkkiz kuzov rəngi təklif olunur, standart təkər disklərinin diametri 21 düymdür və əlavə ödəniş müqabilində 22 və hətta 23 düymlük variantlar təklif olunur.

Vistiq modelinin interyeri də digər Cadillac elektrokarlardan tanış olan üslubda tərtib edilib. Ön panelin yuxarı hissəsində 33-düymlük genişformatlı ekran var. O, mərkəzi konsolun əvəzləyən 8,0-düymlük ekranla tamamlanır. Onun arxasında isə, ikiqatlı simsiz enerji doldurma paneli var. 

Avadanlıqlar siyahısına beş zonalı klimat-kontrol, birinci və ikinci sıranın qızdırılma, havalandırma və masaj funksiyası olan oturacaqları, AKG Studio audio sistemi (23 dinamik), kontur işıqlandırması və üçüncü cərgənin üstündə ayrıca bölməsi olan panoram dam daxildir.

İnteryer tərtibatında ekoloji materiallardan, o cümlədən təkrar emal edilmiş parçalar və süni dəridən istifadə olunur. Ancaq dekorativ örtmələr əsl metal, karbonplastik və ağacdan hazırlanırlar.

Yaradıcılar salonun genişliyi və sərnişinlər üçün yerin həcmi ilə xüsusilə fəxr edirlər. İkinci cərgədə oturanlar üçün ayrıca 8 düymlük sensorlu ekran, üçüncü cərgədə isə, yumşaq dirsəkaltılar, fincan tutacaqları, USB-C portları və havalandırma sisteminin deflektorları da var.

Əgər yük daşınması prioritetdirsə, Vistiq üçüncü cərgənin arxasında 430-litrlik baqaj təklif edir. Üçüncü cərgə qatlandıqda baqajın həcmi 1218 litrə, ikinci sıranın oturacaqları qatlandıqda isə, 2271 litr olacaq (Amerika EPA metoduna görə). Krossover 2268 kiloqrama qədər çəkisi olan qoşquları yedəkləmək qabiliyyətinə malikdir.

Cadillac Vistiq krossoveri universal Ultium elektrik platformasına əsaslanır, baxmayaraq ki, GM artıq bu addan imtina etmək qərarına gəlib. Ancaq iki mühərriklə təmin edilən tam ötürməsi (624 at qüvvəsi, 880 Nm) və idarələnən arxa təkərləri olan texnologiya yerindədir. Bütün asqılarda adaptiv amortizatorlar quraşdırılıb, pnevmatik asqı isə, əlavə ödənişlə təklif olunur.

Litium-ion dartma batareyası 102 kilovat/saatlıq sanballı tutuma malikdir, böyük krossoverin boş çəkisi isə, 2870 kiloqramdır. Lakin bu, onun 60 mil/saata (97 km/saat) 3,7 saniyəyə sürətlənməsinə və dolu batareya ilə təxminən 483 kilometr getməsinə mane olmur.

DC terminalına qoşulduqda, 10 dəqiqə ərzində 127 kilometrlik yürüş ehtiyatını bərpa etmək mümkündür, lakin 11,5 kilovat gücündə ev cihazından istifadə halında yalnız 45,9 kilometrə ümid etmək olar.

CCS (Combined Charging System) standartının şarj konnektorunu saxlamaq qərarı qeyri-adi görünür, baxmayaraq ki, GM konserni artıq Tesla şirkətinin NACS standartına keçməyə qərar verib və sentyabr ayında hətta Supercharger stansiyaları şəbəkəsinə çıxış əldə edib. Vistiq həmçinin elektrik enerjisini xarici istehlakçılara çatdırmaq qabiliyyətinə malikdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Əvvəlcə Cadillac Vistiq elektrik krossoveri Luxury, Sport və Premium Luxury bəzək səviyyələrində təklif ediləcək, daha sonra onlara top Platinum versiyası qoşulacaq. Hələlik yalnız başlanğıc qiyməti açıqlanıb: 78 790 dollar.

Yəni, Vistiq kiçik Lyriq krossoverindən 18 min baha, lakin ən böyük Escalade IQ modelindən 51 min dollar ucuz olacaq. Seriya avtomobillərinin istehsalına 2025-ci ilin əvvəlində Tennessi ştatının Sprinq Hill şəhərindəki zavodda başlanmalıdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.