Cadillac şirkəti Lyriq elektrik krossoverinin əmtəə versiyasının şəkillərini dərc edib. Orijinal dizayna, media sisteminin 30-düymlük ekranına və ev şəbəkəsindən sürətli elektrik yükləmə funksiyasına malik olan elektrokarın qiyməti 59.990 dollardan başlayır.
Cadillac ilk dəfə Lyriq elektrik krossovernin konseptini ötən ilin avqust ayında nümayiş etdirmişdi. Prototip futuristik üslubda hazırlandığından, mütəxəssislər modelin seriya versiyasının əhəmiyyətli dəyişikliklərə məruz qalacağını proqnozlaşdırırdılar. Bununla birlikdə, təqdim olunan seriya modeli elektromobilin konseptuallığını qoruduğunu göstərib.
Lyriq krossoverinin seriya versiyası kəskin kuzov xətlərinə, unikal naxışı olan radiator barmaqlığına və nazik LED işıq texnikasına, habelə iri hava girişlərinin ətrafında yerləşdirilmiş şaquli LED gündüz hərəkət işıqlarına malikdir .
Satışların başlanğıcında elektrik krossoverinin alıcıları iki kuzov rəngindən birini seçməli olacaqdırlar - Satin Steel Metallic və Stellar Black Metallic.
Prototipə bənzər olmasına baxmayaraq, seriya elektrik krossoverinin dizaynında bəzi dəyişikliklər olub. Belə ki, model, konseptdə quraşdırılmış kameraların yerinə ənənəvi güzgülərlə təchiz edilib. Bundan başqa, seriya versiyası daha kiçik təkər disklərini və daha böyük şüşə səthini əldə edib.
Konseptdə olduğu kimi, seriya krossoveri rəqəmsal cihazlar panelini və əyləncə sistemini özündə birləşdirən 33-düymlük sensorlu multimedia ekranını qoruyub saxlayıb. Bundan əlavə, elektrokrossover aktiv səs-küy boğma sistemini, habelə bir qismi baş dayaqlarına quraşdırılmış 19 dinamiki olan unikal səs sistemi də əldə edib.
Cadillac Lyriq modeli 100 kilovat-saatlıq batareya da daxil olmaqla 340 at qüvvəli elektrik güc qurğusu ilə təchiz ediləcəkdir. Dolu batareya ilə elektrik krossoveri təxminən 480 kilometr məsafə qət edəcəkdir. 10 dəqiqəlik elektrik yüklənməsi halında elektromobilin yürüş ehtiyatını 120 kilometrə qədər artırmaq mümükün olacaqdır. Bundan əlavə, Lyriq modeli üçün ev elektrik şəbəkəsindən ultrasürətli yükləmə funksiyası (opsiya) da təklif olunur: xüsusi yükləmə cihazının köməyi ilə, bir saat ərzində elektrik krossoverini yüz kilometrlik yürüş ehtiyatı ilə təmin etmək mümkün olacaqdır.
Cadillac Lyriq krossoverinin istehsalına 2022-ci ilin əvvəllərində start veriləcəkdir. Sifarişlərin qəbuluna isə, cari ilin sonunda başlanacaqdır.