Miqyaslanan elektrik platformasında inşa ediləcək və Ultium firma batareya sistemi ilə təchiz ediləcək tam ölçülü Cadillac Celestiq sedanı iyul-avqust aylarında təqdim ediləcəkdir.
Cadillac Society nəşrinin GM konsernindəki mənbələrinə istinadən verdiyi məlumata görə, flaqman elektrik Celestiq sedanı bu yay təqdim ediləcəkdir. Debütün iyul-avqust aylarında baş tutacağı ehtimal olunur.
Cadillac Escala Concept
Prototipi General Motors konserninin keçirdiyi xüsusi tədbirdə nümayiş olunan tam ölçülü elektrik sedanı, miqyaslanan elektrik platformasında inşa ediləcək və LG Chem ilə birlikdə hazırlanmış Ultium batareya sistemi ilə təchiz ediləcəkdir.
Belə bir sistemin “paket” batareyaları şaquli və ya üfüqi şəkildə quraşdırıla bilər, onların ümumi tutumu isə, 50 ilə 200 kilovat-saat arasında dəyişir.
Ultium batareya sistemi 800 volt gərginlik altında işləyəcək və 350 kilovatlıq yüklənməni dəstəkləyəcəkdir. Cadillac Celestiq modelinin silueti, tədricən baqaj qapağına qədər alçalan damı olan liftbekə bənzəyəcək, dizayn nöqteyi nəzərindən isə, onun çöhrəsində amerikan markasının ilk elektrokarı sayılan Lyriq krossoverində tətbiq edilmiş dizayn həllərini tapmaq mümkün olacaqdır.
Əlbəttə ki, flaqman sedanı krossoverdən daha uzun, enli və alçaq olacaqdır. Bayraqdar sedanın istehsalı Miçiqan ştatındakı zavodda təşkil ediləcəkdir: Celestiq modeli əl ilə yığılacaq və ildə bir neçə yüz nüsxədə buraxılacaqdır.