Bu ilin əvvəlində Cadillac Lyriq-V krossoverini nümayiş etdirib. O, şirkətin ən güclü, sürücü yönümlü avtomobillərini işarələmək üçün istifadə etdiyi “V” hərfini daşıyan ilk elektromobili olub. İndi bu qəbildən olan ikinci “bərkgedən” elektromobil hazırdır: kiçik Cadillac Optiq-V krossoveri ABŞ-da təqdim olunub. Xatırlatmaq gərəkdir ki, adi Optiq krossoverinin debütündən bir ildən bir qədər çox vaxt keçir.

Vizual olaraq V-versiyası baza modelindən elə də çox fərqlənmir. Ön hissədə inkişaf etmiş hava girişləri olan daha aqressiv bamper, arxa sütunlarda isə, orijinal qrafika peyda olub. Arxa bamper də iri diffuzoru alıb. Əlavə ödəniş qarşılığında karbonplastikdən kuzov dəstini sifariş etmək mümkündür. Kuzov rəngləri palitrasına mavi Deep Ocean və boz Magnus Metal boyaları əlavə edilib. 21-düymlük orijinal təkər diskləri standart avadanlıqdır.

İnteryerdə cihazlar paneli və multimedianın bütöv 33-düymlük ekranı var. Multiimedia hazırda Google xidmətlərini dəstəkləyir. V-versiyasının xüsusiyyətləri - üçqollu idman sükan çarxı, karbonplastikdən bolluca dekor və V-formalı nişanlardır. Tərtibatda mavi vurğuları olan təkrar emal edilmiş parçadan istifadə olunur. Əlavə ödəniş qarşılığında, ön oturacaqların arxa hissəsi və təhlükəsizlik kəmərləri də daxil olmaqla, genişləndirilmiş mavi dekoru da əldə etmək mümkündür. Krossoverlər panoram dam və Dolby Atmos texnologiyalı AKG Studio audio sistemi (19 dinamik) ilə təchiz ediləcəklər.

Cadillac Optiq-V 526 at qüvvəsinə köklənmiş ikimühərrikli güc qurğusu ilə təmin edilən tam ötürməyə malikdir ki, bu da böyük Lyriq-V modelində olduğundan (624 at qüvvəsi) azdır. Bununla belə, pik fırlanma anı eyni 880 Nm təşkil edir. Velocity Max rejimində (faktiki launch control) 2470 kiloqram çəkisi olan krossover 60 mil/saat (97 km/saat) həddinə 3,5 saniyəyə sürətlənir. Xatıladaq ki, Lyriq-V bu işə 3,3 saniyə sərf edir.

85 kilovat/saatlıq dartma batareyası Amerika EPA metoduna uyğun olaraq 443 kilometrlik yürüş məsafəsini təmin edir. Bu, standart Optiq modelindəkindən 43 kilometr azdır. Lakin V hərfi olan superkrossover standart NACS konnektorunu alan ilk Cadillac elektromobili olub ki, bu da ona Tesla Supercharger doldurma şəbəkəsinə çıxış imkanı verir. On dəqiqə ərzində 113 kilometrlik yürüş məsafəsini bərpa etmək olar.

Optiq-V versiyasının digər xüsusiyyətlərinə idman sazlamaları olan adaptiv asma, Brembo əyləcləri (ön təkərlərdə sabit supportlarla) və “bərkdegən” elektrik avtomobili üçün xüsusi olaraq hazırlanmış yay şinləri daxildir. Bu, ABŞ bazarı üçün vacib bir dəqiqləşdirmədir, çünki adətən orada satılan avtomobillərdə standart olaraq bütün mövsüm şinləri quraşdırılır.
Cadillac Optiq-V super krossoverlərinin istehsalına bu ilin payızında başlanacaq. Amerika bazarında elektromobilin qiyməti 67 300 dollardan başlayacaq ki, bu da böyük Lyriq-V modeli üçün tələb olunandan demək olar ki, 10 min azdır. “Bərkgedən” Optiq-V Kanada, Meksika və İsrail, həmçinin Yaxın Şərq bazarlarında da peyda olacaq.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.