Cadillac şirkəti Los Anceles avtosalonunda iştirak etsə də, heç bir təqdimat keçirməyib. Cadillac şirkətinin burada Optiq krossoverini nümayiş etdirəcəyi gözlənilirdi və amerikan markası onu göstərib - amma yalnız şəkillərdə. Üstəlik, verlən məlumatlar da demək olar ki, minimaldır.
Belə ki, Optiq Cadillac brendinin model çeşidindəki Lyriq, Celestiq və Escalade IQ elektrokarlarından sonra dördüncü və ən kiçik elektromobili olacaq. Krossover Ultium modul platformasına əsaslanır, axarlı kuzova və 21 düymlük təkər disklərinə malikdir. Dizayn baxımından o, artıq böyük Cadillac Lyriq krossoverində istifadə olunmuş ideyaları davam etdirir. Vəssəlam, Optiq haqqında məlum olanlar budur.
Ancaq bu ilin yayında Çinin sertifikatlaşdırma orqanlarında Cadillac Optiq modeli haqqında məlumatlar peyda olub. Çindəki sertifikatlaşdırma sənədlərində məlumat daha çoxdur. Optiq ölçülərinə görə daxili yanma mühərrikli Cadillac XT5 krossoveri ilə müqayisə edilə bilər: onun uzunluğu 4822 millimetr, eni - 1912 millimetr, hündürlüyü - 1642 millimetr, təkər bazası isə 2954 millimetrdir.
Yeni krossover 204 və 245 at qüvvəsi hasil edən elektrik mühərrikləri ilə iki versiyada sertifikatlaşdırılıb. Onun bəyan edilən maksimal sürəti 180 km/saatdır. Cadillac Optiq modelinin tamölçülü təqdimatı 2024-cü ilə qədər təxirə salınıb.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.