Cadillac şirkəti növbəti elektrokarını – Vistiq krossoverini təqdim edib. Cadillac brendinin elektrik xətti beş modelə qədər artmalıdır. Lyriq krossoveri ilə böyük Escalade IQ modeli arasındakı boşluğu məhz Vistiq elektrik krossoverinin doldurması gözlənilir.

İki il ərzində, yığcam Optiq və flaqman Celestiq modeli ilə birlikdə, bu kvintet bütün premium seqmentini əhatə etməlidir. Qeyri-rəsmi məlumata görə, Vistiq modelinin qiyməti 65 min dollardan başlayacaq, o təxminən 500 at qüvvəli ikimühərrikli güc qurğusuna malik olacaq və dolu batareya ilə 480 kilometrə qədər məsafə qət edəcəkdir.

Xatırladaq ki, Cadillac Lyriq modeli arxa və ya tam ötürməli ola bilər. Birinci halda güc qurğusunun hasilatı 345 at gücü və 440 Nmı, ikinci halda isə, 507 at qüvvəsi və 610 Nm təşkil edir. Krossover 190 kilovatlıq yükləməni dəstəkləyir və 505 kilometrə (RWD versiyası) qədər məsafə vəd edir.

Öz növbəsində, Escalade IQ  krossoveri 761 at qüvvəsinə və 725 kilometrə qədər yürüş ehtiyatına malikdir.

Cadillac Celestiq modelinə gəlincə, o, təxminən 600 at qüvvəsi və 870 Nm fırlanma anı hasil edən ikimühərrikli güc qurğusuna və 111 kilovat-saatlıq batareyaya malikdir. Liftbək matrisa fənərləri, idarələnən arxa ox, habelə ABŞ və Kanadada 3,2 milyon kilometr uzunluğunda yollarda istifadə olunacaq Ultra Kruiz avtopilotu ilə təchiz ediləcək.

Optiq haqqında rəsmi məlumat yoxdur, lakin Çin Sənaye Nazirliyinin məlumatına görə, onun mühərrikinin gücü 250 at qüvvəsindən çox olmayacaq.  

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.