Yeni Cadillac CT4-V Blackwing və CT5-V Blackwing idman sedanlarının ilk partiyası saytda onlayn sifarişlər açıqldıqdan bir neçə dəqiqə sonra tamamilə behlənib.
Blackwing indeksini alan yeni “bərkgedən” Cadillac CT4-V və CT5-V sedanlarına olan tələbatın istehsalçının gözlədiyindən də yüksək olduğu görünür. Motor1 saytının amerikan markasının təmsilçisinə istinadən verdiyi məlumata görə, hər biri 250 nüsxəlik tirajla buraxılacaq “bərkgedən” sedanların ilk partiyası yalnız bir neçə dəqiqəyə sifariş edilib.
Sifarişlərin onlayn qəbulu Cadillac veb saytında 1 fevral axşamı başlasa da, ancaq qısa müddətdə sona çatıb. Marka nümayəndəsi, ilk 250 nüsxəlik CT4-V Blackwing və ya CT5-V Blackwing sedanlarından birini vaxtında behləməyə imkan tapmayan müştərilərin gözləmə siyahısına yazıla biləcəyini söyləyib.
Cadillac şirkəti daha bir neçə “bərkgedən” Blackwing modelini buraxmağı planlaşdırır, lakin CT4-V və CT5-V idman sedanları V-Series tarixində daxili yanma mühərrikləri ilə təchiz edilən sonuncu avtomobillər olacaqdırlar.
Cadillac markasının gələcək “bərkgedən” modelləri yalnız elektrik güc qurğularını alacaqdırlar. İndiki Cadillac CT5-V Blackwing modeli 677 at qüvvəli 6,2-litrlik kompressorlu V8 mühərriki ilə təchiz edilir və bu günə qədər olan ən güclü Cadillac avtomobilidir. Cadillac CT4-V Blackwing sedanı isə 479 at qüvvəli 3,6-litrlik V6 biturbo mühərriki ilə hərəkətə gəlir.