May ayının sonunda Cadillac markası “qaynar” CT4-V və CT5-V modellərini nümayiş etdirib. Lakin, təqdimatdan həmən sonra, onlar çoxlarının tənqid hədəfinə çevriliblər. Potensial müştərilər yeni V-modellərinin təchiz edildiyi mühərriklərin sələflərindən zəif olduğundan gileyləniblər. Bu tənqidlərdən sonra Cadillac nümayəndələri V-Series modellərinin daha məhsuldar versiyalarının hazırlandığıını, eyni zamanda, elektrik mühərriklərinə də diqqət yetirəcəklərini bəyan ediblər.
Görünən odur ki, amerikan istehsalçısı yeni V-Series modellərinə belə münasibətin olacağını ehtimal edirmiş və modellərin daha güclü versiyalarını ehtiyatda saxlamaq qərarına gəlib. “The Global and Mail” nəşrinə müsahibə verən Cadillac V-Series layihəsinin nümayəndəsi Mirzə Qreboviç V-Series model xəttinin daha güclü daxili yanacaq mühərrikləri olan versiyaların hesabına genişləndiriləcəyini söyləyib. Amerikan istehsalçısı DYM-nin potensialından maksimum istifadə, sonradan isə yeni texnologiyalara müracət edəcəyini bildirib.

Məlumdur ki, General Motors konserni Cadillac markasını və onun idman subbrendini model xəttinin elektrikləşdirilməsinin bayraqdarına çevirmək niyyətindədir. Bu isə, elektromobillərin aktiv inkişafı və V-Series modelləri də daxil olmaqla müxtəlif elektromobillərin buraxılması deməkdir. Böyük ehtimalla, amerikan istehsalçısı yaxın zamanlarda idman xəttini yenidən formalaşdıracaqdır. Çox güman ki, hazırki V-Series modelləri yenidən dirçəldiləcək V-Sport subbrendinə aid ediləcək, daha güclü modellər isə V-Series adı ilə buraxılacaqdırlar.
Cadillac V-Series seriyasından olan elektromobilləri gözləmək hələlik tezdir. Lakin, Cadillac CT4-V və CT5-V modellərinin daha güclü versiyalarının debütü yaxındır. Sadəcə səbr edib gözləmək gərəkdir.