Cadillac şirkəti V-Series xəttinin 15 illik yubileyinin şərəfinə məhdud saylı Pedestal Edition seriyasını hazırlayıb. Bu seriyaya “qaynar” ATS-V kupesi və CTS-V sedanı daxildir. Hər iki avtomobil eksteryerin eksklyuziv tərtibatı, Recaro idman oturacaqları və Brembo əyləc mexanizmləri ilə seçiləcəkdir. Pedestal Edition seriyasından olan avtomobillər 300 nüsxəlik tirajla buraxılacaqdır. Xüsusi seriyadan olan avtomobillər ABŞ, Kanada və Yaxın Şərqdə satılacaqdırlar.
Cadillac CTS-V Pedestal Edition sedanı kuzovun Bronze Sand Metallic adlı bürünc boyasına, 19-düymlük təkər disklərinə, karbonplastikdən hazırlanmış aerodinamik kuzov dəstinə sahib olacaqdır. Dəstin tərkibinə ön splitter, kapotdakı havalandırma girişləri, diffuzor və arxa spoyler daxildir. Bundan başqa, Cadillac CTS-V üçzonalı klimat-kontrol, Cosworth Toolbox proqram təminatına malik olan telemetriya kompeksi və yenilənmiş multimedia sistemi ilə təchiz ediləcəkdir.
Cadillac ATS-V kupesinin təchizatı sedan ilə bənzər olacaqdır. Kupenin təchizatına 19-düymlük təkər disklərinin əvəzinə 18-düymlük disklər daxil ediləcəkdir. Kupe telemetriya sistemindən və tərkibinə üçzonalı klimat-kontrol, arxa oturacaqların qızdırılması və rəqəmsal salon güzgüsü daxil olan Luxury dəstindən də məhrum edilibdir.
Pedestal Edition seriyasından olan avtomobillər texniki cəhətdən dəyişilməz qalıblar. ATS-V Pedestal Edition kupesi 470 at qüvvəsi və 603 Nm fırlanma anı hasil edən 3,6-litrlik V6 tvin-turbo mühərriki, CTS-V Pedestal Edition isə 649 at qüvvəsinə və 854 Nm fırlanma anına malik olan 6,2-litrlik kompressorlu V8 ilə təchiz edilir. 60 mil/saat (96 km/saat) həddinə kupe 3,8, sedan isə 3,7 saniyəyə sürətlənir.
2019-cu ildə Cadillac ilk tam çəkişli V-modelini buraxmağı planlaşdırır. Bu Cadillac CT6-V sedanı olacaqdır. Supersedan Blackwing ailəsindən olan 550 at qüvvəli 4,2-litrlik iki turbokompressorlu V8 mühərriki ilə təchiz ediləcəkdir.