Cadillac Çin bazarı üçün nəzərdə tutulmuş yeni CT6 sedanının interyerini nümayiş etdirib. Model eksklüziv olaraq Çin bazarında satılacaq, ona görə də onun dizaynı ən son tendensiyalara uyğunlaşdırılıb: nazik gündüz hərəkət işıqları olan ikipilləli optika peyda olub, radiator barmaqlığı xrom haşiyəsini itirib və yalnız onun üstüündəki minimalist zolaq saxlanılıb. Salondakı əsas yenilik, Lyriq elektrik krossoverindən götürülmüş diaqonalı 33 düym olan yeni rəqəmsal paneldir.
İşlər təkcə dizayn təkmilləşdirmələri ilə məhdudlaşdırılmayıb. Cadillac CT6 modeli Qualcomm Snapdragon çipli multimedia sistemini, qabaqcıl onlayn xidmətlərini, təkmilləşdirilmiş yarıavtomatik idarəetmə sistemini və adaptiv amortizatorları alıb. Lakin baza mühərriki olduğu kimi qalıb - on pilləli “avtomat” ilə birlikdə çalışan 237 at qüvvəli 2,0-litrlik turbomühərrik.
Daha əvvəl məlumat verildiyi kimi, ikinci nəsil CT6 modeli arxa ötürməli GM Omega platformasında inşa edilib. Yeni modelin mühərrik çeşidinə dörd və altı silindrli mühərriklər, o cümlədən 400 at qüvvəli 3,0-litrlik mühərrik daxil olacaqdır.
Cadillac CT6 sedanı 2015-ci ildən satışdadır. 2018-ci ildə sedan restaylinqdən keçib və artıq 2020-ci ildə onun ABŞ-dakı istehsalına son verilib. Buna baxmayaraq, model Çində kifayət qədər böyük tələbata malikdir.
Qeyd etmək gərəkdir ki, yeni CT6 Çindən kənarda satılmayacaqdır. Eyni zamanda, əvvəllər ilin sonuna qədər Cadillac markasının Avropa bazarına qayıdacağı bildirilmişdi. Amerikan markası Köhnə Düünyaya elektromobillə - Lyriq modeli ilə qayıdacaqdır. Elektrik krossoverinin Norveç, İsveç, Danimarka və Finlandiyada satılacağı artıq təsdiqlənib.
@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.