Cadillac XT5 krossoveri 2015-ci ildə Amerikada debüt edib. Bundan bir il sonra isə, avtomobil Çin bazarında satılmağa başlayıb. Qeyd etmək lazımdır ki, Çin Cadillac markası üçün ən vacib bazardır. Keçən il ABŞ-da 155 min Cadillac satılsa da, Çində bu rəqəm 228 min təşkil edib.
Bu səbəbdən də yenilənmiş krossoverin Çində debüt etməsi sizə təəccüblü gəlməməlidir. Cadillac şirkəti XT5 modelinin yenilənməsinin 30 maddədən ibarət olduğunu bildirir. Yenilənmiş Cadillac XT5 modelini radiator barmaqlığının kiçik özəkləri olan toru sayəsində tanımaq olar. Bundan başqa, güzgülərin gövdələrinin forması optimallaşdırılmış, arxa şüşəsilən isə spoylerin altında gizlədilmişdir. Bu yeniliklər yüksək sürətlərdə aerodinamik səs-küyü azaltmalıdır.
Avtomobilin təchizat dəstləri amerikan markasının son siyasətinə uyğunlaşdırılıb: alıcılar Luxury, Premium Luxury və Sport versiyalarından birini seçə bilərlər. XT5 Sport versiyası kuzovun qara dekor elementləri və interyerdəki “idman” cizgiləri ilə seçilir. Salonda baş vermiş əsas yenilik təkmilləşdirilmiş üçüncü nəsil Cue multimedia sistemidir - artıq multimedianı mərkəzi tonneldəki “şayba” vasitəsi ilə də idarə etmək olar. Yeni salon güzgüsü daha iri ölçülərə, haşiyəsiz gövdəyə və daha yüksək icazəyə malik olub. Səhv oxumadınız - bu güzgü eyni zamanda arxa görüntü kamerasının displeyi rolunu da oynayır. Bundan başqa, cihazlar panelinin qrafikası da cüzi dəyişdirilib.
Cadillac XT5 modeli yeni mühərrikə də sahib olub. Bu XT4 modelindən tanış olan 2,0-litrlik dördsilindrli LSY turbomühərrikidir. Yeni mühərrikin əsas üstünlükləri yanacağa qənaət etməsi və ehtiyac olmadıqda iki silindrin söndürülməsi sistemidir. Yeni mühərrik 241 at qüvvəsi və 350 Nm fırlanma anı təklif edir. Xatırladaq ki, əvvəlki LTG mühərriki 269 at qüvvəsinə və 400 Nm fırlanma anına malik idi.
Yenilənmiş XT5 modeli səkkiz pilləli Aisin “avtomatını” Cadillac markasının öz məhsulu olan 9-pilləli qutuya dəyişib. ABŞ bazarında təklif edilən 3,6-litrlik V6 mühərriki də bu qutu ilə tandemdə çalışacaqdır. Bundan başqa, 2,0-litrlik turbomühərrik ilə təchiz edilən XT5 də amerikan bazarında təklif ediləcəkdir. Bu günə qədər belə versiyanı yalnız çinlilər ala bilərdilər. Tam çəkiş sistemi dəyişilməz qalıb.
Yenilənmiş Cadillac XT5 modelinin satışlarına ilin sonunda başlayacaqdır.