İki il əvvəl Cadillac şirkəti IQ indeksini daşıyan Escalade elektrik ofrouderini təqdim edib. Bu nəhəng elektromobil yanacaqlı analoqundan nəzərəçarpacaq dərəcədə böyükdür və ölçü baxımından demək olar ki, uzunbazalı Escalade ESV modelini haqlayır. İndi isə, ümumiyyətlə onu üstələyib: ABŞ-da uzadılmış Cadillac Escalade IQL modeli debüt edib.

Əgər yanacaqlı Escalade ESV orijinal modeldən uzadılmış təkər bazası ilə fərqlənirsə, elektrik ofrouderinə gəldikdə isə, mühəndislər fərqli yanaşma tətbiq ediblər. Escalade IQL adi Escalade IQ modeli ilə eyni təkər bazasına (3,460 millimetr) malikdir, lakin onun ümumi uzunluğu arxa kuzov çıxışının 107 millimetr uzadılması sayəsində artırılıb.

Escalade IQL modelinin uzunluğu 5,803 millimetr (Cadillac Escalade ESV modelində 5,766 millimetr) təşkil edir. Qalan ölçülər adi IQ ilə eynidir: ofrouderin eni 2167 millimetr, hündürlüyü isə, 1933 millimetrdir.

Arxa tərəf daha şaquli vəziyyətə gətirilib, arxa dam dirəklərinin və işıqlandırma texnikasının dizaynı yenidən işlənib, şüşələnmə sahəsi də artırılıb. Nəhəngin klirensi 175 millimetr, şinlərin ölçüsü isə, konfiqurasiyadan asılı olaraq 275/60 R22 və ya 275/50 R24 təşkil edir.

Əlbəttə ki, arxa çıxışın artması üçüncü oturacaq cərgəsindəki məkana müsbət təsir göstərib: ayaq zonasındakı uzununa boşluq 820-dən 932 millimetrə qədər, baş üstündəki yer isə, 25 millimetr artıb.

Birinci sıranın oturacaqlarının arxasındakı məkanın həcmi 3546 litrdir, baza modeldə isə, bu göstərici 3375 litr təşkil edir. İki sıranın arxasında 2135 litr, üçüncü sıranın isə, 686 litrlik məkan var. Ön baqaj da qalıb və əlavə 345 litr saxlama yeri təklif edir.

Salonun ön hissəsi dəyişməyib. Burada bir bənd ilə ayrılan iki ekranı birləşdirən 55 düymlük displey var. Mərkəzi konsolun əvəzinə də sensor ekran quraşdırılıb. İkinci cərgə üçün qızdırılma, havalandırma və masaj funksiyası olan opsional kapitan kreslolarını da sifariş etmək mümkündür.

Oturacaqların arasında ikinci dərəcəli funksiyaları idarə etmək üçün pultu olan boks, ikiqat simsiz şarj meydançası və açılan masa var. Klimat-kontrol beş zonaya malikdir, AKG Studio audio sisteminin isə, iyirmi bir dinamiki var.

Güc qurğusu dəyişməz qalıb. Nəhəng elektromobil pik həddində 761 at qüvvəsi və 1064 Nm hasil edən iki mühərrik və tam ötürmə sistemi ilə təchiz edilir. 60 mil/saata (97 km/saat) sürətlənmə 4,7 saniyə çəkir.

Yedəyə alınan qoşqunun maksimal çəkisi 3,4 tondur. Dartma batareyasının tutumu 205 kilovat/saat, nominal yürüş məsafəsi isə, 724 kilometrdir. Sürətli doldurma terminalında 10 dəqiqə ərzində yürüş ehtiyatını 187 kilometr artırmaq mümkündür. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Escalade IQL modeli Magnetic Ride 4.0 adaptiv amortizatorları olan pnevmatik asqıya malikdir.

Cadillac Escalade IQL modelinin istehsalına 2025-ci ilin ortalarında başlanmalıdır. O, ilkin olaraq ABŞ və Kanada bazarlarında satışa çıxarılacaq, lakin gələcəkdə ofrouderin Şimali Amerika qitəsindən kənara ixracı da planlaşdırılır.

@ Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Məqalədən istifadə zamanı sayta istinad etmək mütləqdir.