Turində fəaliyyət göstərən Camal dizayn studiyası Britaniyanın Caterham Seven rodsteri ilə təcrübə aparmağı sevir və mütəmadi olaraq, onun əsasında öz sportkarlarını yaradır. Bu günlərdə italyanlar məhdud tirajla istehsal olunacaq yeni iki yerlik Scoperta barkettasını təqdim ediblər.

Camal studiyası 2008-ci ildə, Bertone, Fiat və Ferrari şirkətlərində çalışmış avtomobil dizayneri Alessandro Kamorali tərəfindən yaradılıb. Camal studiyası əsasən fərdi dizayn layihələrini həyata keçirir, lakin onun portfelində Viva hibrid at-elektrik arabası və Super**GA rodsteri kimi konsepsiyalar da mövcuddur.

Yeri gəlmişkən, sonuncu konsept Caterham Seven modelinin əsasında hazırlanıb və kiçik miqyaslı seriya ilə buraxılmalı idi, amma İnternetdə onun canlı nüsxəsini tapmaq mümkün deyil - bəlkə də studiya bu layihəni çox bahalı və çox mürəkkəb olduğunu hesab edib. Qeyd etmək gərəkdir ki, rodsterin təxmini qiymətinin 300.000 avro olacağı elan edilmişdi.

Bu həftə təqdim olunan Camal Scoperta isə, iki dəfə ucuzdur - təxminən 150.000 avro + vergilər. Lakin o, hələlik yalnız kompüter renderləri şəklində mövcuddur. Bununla belə, bu dəfəki press-relizdə Scoperta barkettasının kiçik seriya ilə buraxmaq istəyi açıq şəkildə ifadə edilib. Bir barkettanın istehsalı 6-8 ay çəkəcək. Scoperta adı italyan dilindən "kəşf" və ya "ixtira" kimi tərcümə olunur.

Scoperta modelinin dizaynı ellipslərin mürəkkəb kəsişməsidir, donor Caterham Seven rodsterindən fərqli olaraq, ön təkərlər kuzovun perimetri daxilində yerləşir. Scoperta barkettasının əslinin “britaniyalı” olduğunu açıqlayan yeganə detal kokpitin arxasındakı təhlükəsizlik qövsüdür.

Bütün digər görünən elementlər, o cümlədən arxa görünüş güzgüləri və LED işıq texnikası tamamilə yenidir. Scoperta modelinin çıxış boruları ön təkər tağlarının arxasında yerləşir - ön qanadlarda müvafiq kəsiklər var.

Scoperta barkettasının salonunda lampalı radioqəbuledicilərin tənzimləmə şkalası üslubunda stilizə edilmiş orijinal cihazlar panelini görmək olar. Uzaqdan sükan çarxı köhnə Citroen modellərindəki kimi təkqollu görünsə də, amma əslində onun üç qolu var.

Tündləşdirilmiş yan qollarda dönmə siqnallarını və uzaq işıqları yandırmaq, habelə siqnal vermək üçün dörd böyük kvadrat düymə yerləşir. Oturacaqların başlıqları kürək hissəsindən tamamilə ayrıdır və kuzovun yuxarı səthinə bərkidilmiş nazik çərçivələr üzərində dururlar. Salonun qarşısındakı külək sipəri çox alçaqdır, buna görə də, çox güman ki, dəbilqələr gərək olacaq.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Scoperta barkettasının əsasını kontinental Caterham Seven 485 (Caterham şirkəti Böyük Britaniya və kontinental Avropada müxtəlif çeşidlərə malikdir) modeli təşkil edir. 140 at qüvvəsi hasil edən 2,0-litrlik Ford Duratec atmosfer benzin mühərrikinin dartma qüvvəsi 5-pilləli mexaniki transmissiya vasitəsiilə özükilidləyən differensialı olan arxa təkərlərə ötürülür.

Scoperta modelinin ümumi uzunluğu 3350 millimetr, eni - 1685 millimetr, boş çəkisi isə, 560 kiloqramdır. Dinamik xüsusiyyətlər “britaniyalı” ilə eyni səviyyəsində olacaq. Xatırladaq ki, donor avtomobili 100 km/saata 4,1 saniyəyə sürətlənir, maksimal sürəti isə, 225 km/saatdır.

©  Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.