Canoo startapı NASA üçün hazırlanmış Lifestyle miniveni və furqonun ilk şəkillərini dərc edib. NASA Esploration Ground Systems texnikləri astronavtların bütün ləvazimatlarını geyinərək, bu avtomobilləri sınaqdan çıxarmağa imkan da tapıblar.
NASA üçün hazırlanmış nəqliyyat vasitələrinin standart Canoo Lifestyle modellərdən demək olar ki, fərqi yoxdur. Yeganə seçilən cəhət onların yan tərəflərindəki “NASA” yazılarıdır. NASA-nın tələblərinə görə, avtomobildə dörd nəfər tam təchizatlı astronavt, üç əlavə heyət üzvü və sürücü yerləşməlidir. Bundan əlavə, işərisində lazımi avadanlıq olan beş çanta və dörd soyuducu qurğu üçün yer də tapılmalıdır.
Bununla belə, NASA tərəfindən yürüş ehtiyatına olan tələblər daha demokratikdir. Canoo Lifestyle dolu batareya ilə 80 kilometrə qədər məsafəni qət etməlidir. Qeyd etmək gərəkdir ki, raketə qədər qət edilən məsafə cəmi 15 kilometrdir. Müqavilənin şərtlərinə görə, NASA tərəfindən sifariş olunmuş elektrokarlar 2023-cü ilin iyununa qədər təhvil verlməlidirlər.
Canoo Lifestyle modelinin seriya versiyası 2022-ci ilin sonunda 34 750 dollardan başlayan qıymətlərlə satışa çıxmalıdır. O, Base, Premium, Adventure və Delivery təchizat səviyyələrində təklif ediləcəkdir. Ən güclü versiya 300 at qüvvəsi və 450 Nm fırlanma anı hasil edən elektrik güc qurğusu ilə hərəkətə gələcəkdir. 80 kilovat-saatlıq batareyanın ehtiyatı təxminən 402 kilometr məsafə qət etməyə imkan verəcəkdir.
Canoo ilə müqavilə NASA-nın başlatdığı “Artemis” layihəsinin bir hissəsi olub. Layihənin məqsədi insanları Aya qaytarmaqdır. Üstəlik, bu işə Ayın eniş platformasını hazırlayan İlon Maskın SpaceX şirkəti də cəlb olunub. İlkin olaraq, heyətsiz kosmik aparat Ayın ətrafında uçuş etməlidir. Göyərtəsində insanların olduğu uçuş isə, 2024-cü ilin may ayından gec olmayaraq baş tutmalıdır.
Xatırladaq ki, Canoo startapı kosmik sənayedə qeydə alınan yeganə avtomobil şirkəti deyil. Bundan bir müddət öncə, General Motors konserninin Lockheed Martin şirkəti ilə birlikdə Yerin peykində insanları daşıyacaq yeni Ay roverini hazırladığı məlum olub.
© Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.