Avropada keçirilən Car of the Year 2022 müsabiqəsinin finalçılarının qısa siyahısı açıqlanıb. Bu siyahıya 39 model arasında seçilmiş yeddi avtomobil daxil olub. Finalçılardan altısı elektromobildir: Cupra Born, Ford Mustang Mach-E, Hyundai Ioniq 5, Kia EV6, Renault Megane E-Tech və Skoda Enyaq iV. Yeddinci finalçı hələlik elektrik versiyasına malik olmayan, lakin hibrid versiyada təklif edilən Peugeot 308 modelidir.
Maraqlıdır ki, finalçılar arasında Cupra Born hetçbeki də var. Əslində bu model keçən COTY 2021 müsabiqəsində iştirak etmiş Volkswagen ID.3 modelinin üzü dəyişdirilmiş versiyasıdır. Üstəlik, Sloda Enyaq iV elektrokarı hər iki elektrik hetçbekinin inşa edildiyi eyni MEB platformasına əsaslanır. Bundan başqa, finala keçmiş Hyundai Ioniq 5 və Kia EV6 modelləri də eyni E-GMP platformasını bölüşür və eyni texniki hissəyə malikdirlər.
Car of the Year 2022 müsabiqəsinin qalibi fevral ayının sonunda elan edilməlidir. İlkin olaraq, mükafatlandırma mərasimi Cenevrə avtosalonunun başlanması ilə eyni vaxtda keçirilirdi, lakin gələn il bu sərgi keçirilməyəcəkdir. Odur ki, müsabiqənin təşkilatçıları ayrı mərasim keçirməli olacaqlar. Xatırladaq ki, keçən ilki müsabiqənin qalibi Toyota Yaris modeli olub.
Bütün hüquqlar Autograph.az saytına məxsusdur. Xəbərdən istifadə zamanı sayta istinad etmək mütləqdir.