Rusiyanın paytaxtı Moskva şəhərindəki MAMİ institutunun bazasında yerləşən Cardi firması yeni layihəsinin eskizlərini təqdim etmişdir. Rusiyalı dizaynerlər Concept 442 adını almış kupe avtomobilini istehsalı başa çatmış Aston Martin DB9 avtomobilinin aqreqatlarından istifadə edərək yaratmaq fikrindədirlər. Yeni konseptual kupe donordan alın şüşəsinin haşiyəsini və müəyyən təhlükəsizlik karkasının elementlərini irsən alacaqdır.
Rusiyalı kuzov atelyesinin hazırladığı avtomobil alın və arxa şüşələrini birləşdirən panoram tipli damı olan kuzovla təchiz ediləcəkdir. Bu kuzovun orta dirəkləri olmayacaqdır. Hələlik işlər donorun kuzovunun sökülməsi mərhələsindədir. Avtomobilin şassisinə quraşdırılmaq üçün nəzərdə tutlmuş kuzov karbondan hazırlanacaqdır. Cardi firmasının mütəxəssisləri yeni kuzov alacaq Aston Martin avtomobillərinin texniki hissələrinə toxunmamaq qərarına gəlmişdirlər.
Avtomobillər əvvəlki kimi 6,0-litrlik V12 mühərriki və altı pilləli «avtomatla» hərəkətə gələcəkdirlər.
Xatıqladaq ki, DB9 kupesi 2013-cü ilə qədər 450 at qüvvəli (569 Nm), 2014 ildən başlayaraq isə, 517 at qüvvəli (620 Nm) mühərrik ilə təchiz edilirdi. Beləliklə, rusiyalı mütəxəssislərin təklif etdiyi avtomobillər Aston Martin DB9 avtomobillərindən ancaq eksteryer və interyeri ilə fərqlənəcəkdirlər.
Avtomobilin interyerində düymələrin sayının minimuma endirilməsi nəzərdə tutulur. İdarəetmə funksiyalarının əksər hissəsi sensorlu ekran vasitəsi ilə həyata keçiriləcəkdir. Atelyenin rəhbərlərindən biri olan Vadim Şustovun sözlərinə görə, avtomobil kiçik seriyalarla buraxılmaq üçün nəzərdə tutlmuşdur. Hələlik avtomobil konsept şəklində buraxılacaqdır. Sonradan isə, tələbə uyğun olaraq kupenin istehsalını da təşkil etmək mümkün olacaqdır.
Konseptin hazırlanmasına iki ildən artıq vaxt sərf edilmişdir. Avtomobilin nə zaman hazır olacağı məlum deyildir. Ehtimallara görə, Concept 442 prototipi nüfuzlu avtosalonların birində nümayiş etdiriləcəkdir.